Xəbər - Elçin Mehdiyev – Trend:
Növbəti ilin büdcəsində sosialyönümlülük artırılıb. Hər bir Azərbaycan vətəndaşı dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Sosial məsələlərin həyata keçirilməsi üçün büdcədə vəsait kifayət qədər artırılıb.
Bunu Milli Məclisin deputatı Sevinc Hüseynova AzerTimes-a bildirib.
“Bu ilin dövlət büdcəsində sosialyönümlü xərclərə geniş yer verilib. Cari illə müqayisədə sosial xərclər 13,5% artırılır və 2022-ci ilin dövlət büdcəsinin 46.4 faizi – demək olar ki, yarıya qədəri sosial xərclərə yönəlir. Eyni zamanda, büdcədə sosial müdafiə, sosial təminat xərcləri üçün 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmçinin, dövlət büdcəsində əməkhaqlarının, pensiya və müavinətlərin artırılması üçün vəsait nəzərdə tutulub.
Post-müharibə və pandemiya dövründə sosial sahəyə bu qədər önəmin verilməsi bir daha göstərir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı dayanır. Son illər ərzində Azərbaycan əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilib.
Təkcə son bir neçə ilə nəzər yetirsək, ölkəmizdə sosial təminatın yaxşılaşdırılması istiqamətində nə qədər böyük işlərin həyata keçirildiyini aydın görərik. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əməkhaqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib. Görülən bu işlərin nəticəsidir ki, Azərbaycanda pensiya təminatı və digər sosial göstəricilər bir sıra sahələrdə MDB ölkələri arasında ilk pillələrdə qərarlaşıb.
2022-ci ilin dövlət büdcəsində sosialyönümlülüyün artırılması onu deməyə əsas verir ki, əhalinin rifahının yaxşılaşdırıması istiqamətində tədbirlər davamlı xarakter daşıyır”, – deyə deputat qeyd edib.
Milli Məclisin deputatı Vüqar Bayramov isə AzerTimes-a bildirib ki, gələn ilin dövlət büdcəsində sosial xərclərin 50 faizə qədər olması çox mühüm göstəricidir.
“Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam sosial yönümlü xərclərin artırılmasına imkan verib. Sərəncamda əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin artırılması nəzərdə tutulur. Artımların 40 faizə qədər olacağı gözlənilir və sahələrdən asılı olaraq bu rəqəmlər dəyişə də bilər. Eyni zamanda, artımların iki milyondan artıq vətəndaşımızı əhatə edəcəyi gözlənilir.
Dövlət büdcəsinin 50 faizə yaxınının sosial xərclərə yönəldilməsi o deməkdir ki, növbəti il hər dövlət büdcəsində 100 manatdan 50 manata yaxını sosial məqsəd üçün istifadə olunacaq. Bu o deməkdir ki, 2022-ci ildə tətbiq olunacaq sosial paket kifayət qədər miqyaslı olacaq və kifayət qədər çox vətəndaşımızın həm birbaşa, həm də dolayı olaraq bu artımlardan faydalanmasına gətirib çıxaracaq” – deyə, deputat bildirib.
Qeyd edək ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin 28 milyard 974 milyon manat olacağı proqnozlaşdırılır.