Azərbaycanda respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir.
AzerTimes xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.
Qurumun İdarə Heyətinin sədr müavini, deputat Elşad Mirbəşiroğlu “İnam İdeksi” jurnalının 8-ci sayının təqdimatında deyib ki, rəy sorğusu vətəndaşların Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin hakimiyyətin digər qollarına, parlament, məhkəmə təsisatlarına, yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına olan inam və etimadının öyrənilməsi məqsədi ilə keçirilib.
O bildirib ki, sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib.
“Rəyi soruşulanların 94,7 faizi Prezident İlham Əliyevə etibar etdiyini söyləyib. Respondentlərin 84.7%-i dövlət başçısına tam etibar etdiyini, 10.6%-i əsasən etibar etdiyini bildirib. Cəmi 2,9% respondent əsasən etibar etmədiyini, 1,3% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0,5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib.
Rəyi soruşulanların, təxminən, 91 faizi isə Birinci vitse-prezident Mehriban Əliyevaya etibar etdiyini, etimad göstərdiyini vurğulayıb”, – mərkəzin sədr müavini söyləyib.
E.Mirbəşiroğlu deyib ki, respondentlərin 31,6%-i Milli Məclisə tam etibar etdiyini, 31,7%-i əsasən etibar etdiyini bəyan edib: “Respondentlərin 9,8%-i qanunverici orqana əsasən etibar etmədiyini, 22,3%-i isə heç etibar etmədiyini bildirib. 4,7% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.
Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 30,4%-i məhkəmələrə tam, 28,8%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 11,1%-i əsasən etibar etmədiyini, 20,7%-i isə heç etibar etmədiyini qeyd edib”.