Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda abonentlər enerji istehlakı barədə ətraflı məlumat əldə edə biləcək.
AzerTimes-ın məlumatına görə, bu barədə məsələ “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, enerji təchizatçısı son istehlakçılar üçün istehlak olunmuş enerjiyə dair məlumatların əlçatanlığını təmin edir:
Belə ki, ən azı son üç ili əhatə edən və mütəmadi təqdim olunan hesab dövrlərinə uyğunlaşdırılmış istehlak məlumatları, ağıllı sayğacdan müasir internet şəbəkəsi vasitəsilə ötürülən və ya sayğacın interfeysindən əldə edilən istənilən müddət (ay və il) üzrə istehlak məlumatları istehlakçıya təqdim ediləcək.
Qanun layihəsinin 12.2-ci maddəsinə əsasən, enerji təchizatçısı istehlakçılara aşağıdakı məlumatları təqdim edəcək:
12.2.1. istehlak edilən enerji haqqında məlumatları istehlakçıya və istehlakçının razılığı ilə enerji effektivliyi xidməti icraçısına mütəmadi, asanlıqla, başa düşülən və analoji dövrlə müqayisə etmə imkanı verən formada təqdim edir;
12.2.2. istehlakçılara enerji istehlakı üzrə məlumatların elektron formada göndərilməsi imkanının yaradılması, həmçinin istehlakçıların sorğusu əsasında onlara istehlak etdikləri enerjiyə dair aydın və başa düşülən izahın verilməsini təmin edir.
12.3. Bu maddədə nəzərdə tutulan məlumatlar enerji təchizatçısı tərəfindən istehlakçıya ödənişsiz təqdim edilir.