Xəbər - Ceyhun Ələkbərov – Trend:
Bu günə kimi poliklinikamız tərəfindən 2 minə yaxın şəxsə koronavirusa qarşı peyvənd vurulub.
Bu barədə AzerTimes-a Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib. Onun sözlərinə görə, artıq bir neçə gündür ki, əhali arasında ikinci dozanın da vurulmasına başlanılıb:
“Hər şey öz qaydası ilə davam edir. Vaksinasiya prosesi strategiyaya uyğun olaraq aparılır. Yanvar ayının 18-dən bu günə kimi 2 minə yaxın şəxsə peyvənd vurulub. Artıq ikinci doza peyvəndin vurulmasına da start verilib. Bu gün artıq 54 nəfər ikinci doza vaksinasiya olunub. Ümumən isə 250-dən çox şəxsə ikinci doza peyvənd vurulub”.
Ş.Quliyev bildirib ki, əhali arasında ikinci doza vaksinasiya bu ayın əvvəlindən başlanılıb.