Əfv Sərəncamı Prezident İlham Əliyevin növbəti böyük humanist addımıdır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini, humanizmi, insana diqqət və qayğını daim diqqətdə saxlayır. Ötən gün imzalanan əfv sərəncamı da bu humanizm siyasətinin davamıdır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, bu əfv Sərəncamı şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir: “Bildiyiniz kimi ötən gün imzalanan əfv Sərəncamına əsasən, 625 məhkum əfv edilib, onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunub, 98 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə cəzası ilə əvəz edilib, 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub.

Bu çox böyük bir humanist addımdır və koronavirus səbəbindən yaşadığımız çətin günlərdə və xalqımızın əziz Novruz bayramı ərəfəsində çox sayda ailənin böyük sevincinə səbəb oldu. Bu əfv sərəncamı xeyli sayda insanı əhatə edir və ölkə həyatında çox mühüm hadisədir. Əfv sərəncamı milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır və eyni zamanda bu sərəncamın bir tərbiyəvi əhəmiyyəti də var ki, kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, bağışlanır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev humanizm prinsiplərinə əsaslanaraq, məhkum edilmiş şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alıb. Bu srəncam bir daha göstərir ki, vətəndaş amili dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır”.

Deputat vurğulayıb ki, bu əfv sərəncamının eyni zamanda böyük tərbiyəvi və mənəvi-psixoloji əhəmiyyəti var: “Əfv olunan şəxslər cəzaçəkmə müəssisələrində islah olunub, onlar öz törətdikləri əməldən peşman olduqlarına görə bağışlanımaqları üçün müraciət ediblər və onların bu müraciətləri nəzərə alınıb. Əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, bundan sonra Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər”.

Teqlər: