Əfqanıstanlı diplomatlar üçün keçirilmiş “Xarici Siyasət Proqramı” uğurla başa çatıb (FOTO)

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə ADA Universitetində Əfqanıstanlı diplomatlar üçün keçirilmiş iki həftəlik “Xarici Siyasət Proqramı” uğurla başa çatıb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanla Əfqanıstan arasında dost münasibətlərinin tarixi kökləri olduğunu, bu münasibətlərin hazırda davam etdiyini və bundan sonra da davam edəcəyini bildirib. Silahlı münaqişə nəticəsində insanlarının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi problemindən uzun müddət əziyyət çəkmiş hər iki ölkə arasında bənzər talenin yaşandığını vurğulayan Hafiz Paşayev uzun müddət davam edən pandemiya dövründən sonra ilk dəfə olaraq belə bir təlimin təşkil olunmasını ölkəmiz tərəfindən təhsilə verilən önəm kimi qiymətləndirərək bu münasibətlə kursu müvəffəqiyyətlə başa vurmuş iştirakçıları təbrik edib, gələcək diplomatik fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə iştirak etmiş Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun ölkəsindən olan diplomatlar üçün kursun təşkil olunmasına görə AIDA-ya və ADA Universitetinə minnətdarlığını bildirib. O, Əfqanıstanlı diplomatlar üçün Azərbaycanın yaxşı təcrübə mənbəyi ola biləcəyini vurğulayıb.

Kurs iştirakçıları da öz növbələrində ölkəmizdə olduqları müddətdə onlara göstərilmiş səmimi münasibət və qonaqpərvərliyə görə, həmçinin dəyərli bilikləri paylaşdıqları üçün ADA-nın professor müəllim heyətinə və ölkəmizin ixtisaslaşmış mütəxəssislərinə minnətdarlıqlarını bildiriblər. Onlar əmin etmişlər ki, peşəkar fəaliyyətləri dövründə Azərbaycan-Əfqanıstan münasibətlərinin daha da gücləndirilməsi üçün əllərindən gələni əsirgəməyəcək, həm Əfqanıstan, həm Azərbaycanı şərəflə və qürurla təmsil edəcəklər.

Tədbirdə, həmçinin BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai iştirak edib.

Məlumat üçün bildirmək istərdik ki, kurs dövründə iştirakçılar beynəlxalq siyasət, diplomatik fəaliyyət, sosial-iqtisadi, enerji və digər məsələlər üzrə mühüm biliklər əldə etmiş, 44 günlük Vətən Müharibəsi dövründə ölkəmizin əldə etdiyi beynəlxalq siyasi və hərbi uğurları, terrorçuluqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi, həyata keçirilmiş iqtisadi inkişaf modeli və yoxsulluğun aradan qaldırılması, korrupsiya ilə mübarizə və effektiv idarəçilik üzrə mühazirələri dinləmişlər.

Sonda iştirakçılara müvafiq sertifikatlar təqdim edilmiş, birgə xatirə fotoşəkili çəkilmişdir.

Teqlər: