Ümudünya Mətbuat Şuraları Assosiasiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. MŞ sədri, assosiasiya sədrinin birinci müavini Əflatun Amaşov toplantıda iştirak edib.
Mətbuat Şurasından AzerTimes-a verilən məlumata görə, tədbirdə təşkilata üzv ölkələrdə söz və ifadə azadlığının durumu müzakirəyə çıxarılıb. Bu baxımdan diqqət qeyri-sabitliyin hökm sürdüyü Əfqanıstana yönəldilib. Bildirilib ki, orada baş verən proseslər bölgədə jurnalist fəaliyyəti üçün də təhdidlər yaradır. Toplantıya qatılan Əfqanıstanın Hindistandakı səfirliyin mətbuat katibi Abdul-Haqq Azad da çıxışında bunu vurğulayıb. O bildirib ki, son zamanlar Əfqanıstanda vəziyyət getdikcə gərginləşir, Taliban hərəkatı həyatın bütün sahələrində sərt mövqe ortaya qoyur. O cümlədən jurnalist fəaliyyətinə də qarşı çıxır. Buna görə bölgədə söz və ifadə azadlığı ilə bağlı durumun da dünyaya çatdırılması vacibdir. Mətbuat katibi bu baxımdan Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının mövqeyinin əhəmiyyətindən söz açıb, quruma təşəkkürünü çatdırıb.
MŞ sədri Ə.Amaşov, eləcə də təşkilata üzv media birliklərinin təmsilçiləri Əfqanıstan hökumətinin İnformasiya Mərkəzinin rəhbəri Davaxan Minapalın qətlinə diqqət yetiriblər. Tədbirdə eyni zamanda Pulitser mükafatı laureatı, “Reuters” İnformasiya Agentliyinin foto müxbiri Daniş Siddikin qətlə yetirilməsinə də münasibət bildirilib. Hər iki fakt ciddi şəkildə pislənilib, terrorçu qruplaşmaların söz azadlığına təhdidi məsələsinə münasibətdə dünya media ictimaiyyətinin ardıcıl fəaliyyətinin zəruriliyi önə çəkilib. Bununla bağlı Ümümdünya Mətbuat Şuraları Asssosiasiyasının bəyanatı qəbul edilib.
Bəyanatda Əfqanıstanda ciddi zorakılıq fonunda jurnalistlərin, xüsusən də qadın jurnalistlərin təhlükə qarşısında qaldıqları önə çəkilib, mövcud istiqamətdə həm media qurumlarının, həm də dünyanın aparıcı beynəlxalq təşkilatlarının səfərbərliyinin təmin edilməsinin önəmi vurğulanıb.