Bu il Nazirlik 3 minədək mənzilin şəhid ailələri və müharibə əlillərinə verilməsi proqramını icra edib
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən 80 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.
V.Nəsirli vurğulayıb ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində bu kateqoriyalara aid şəxslərin mənzillə təminatı proqramı ildən ilə genişlənir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70% çox, yəni 1572 mənzil/ fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamla 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsi nəzərdə tutulub.
V.Nəsirli 2021-ci ildə mənzillə təminat proqramının 3 il əvvələ nisbətən 5 dəfə genişləndiyini qeyd edib. O diqqətə çatdırıb ki, bu il 3 000-dək mənzilin verilməsi proqramı icra olunub və proqram artıq uğurla yekunlaşır. Bu gün Gəncə şəhərində verilən 80 mənzil də daxil olmaqla indiyədək 12100-dən çox şəhid ailəsi və müharibə əlilinə Nazirlik tərəfindən mənzil və fərdi ev təqdim edilib.
Nazir müavini həmçinin 2021-ci ilin əvvəlindən Vətən müharibəsi şəhidlərinin ailələrinə və bu müharibənin əlillərinə, habelə Vətən Müharibəsi Qəhrəmanlarına da mənzillər verildiyini deyib. Bildirib ki, Vətən müharibəsi şəhidlərinin ailələri və həmin müharibənin əlillərin də uçota alındıqdan çox qısa zaman sonra artıq onların mənzillə, eləcə də müharibə əlilərinin avtomobillə təminatı həyata keçirilir. Bu da dövlət başçısının Vətən müharibəsi şəhidlərinin ailələri və əlillərinə xüsusi qayğısını bir daha təzahür etdirir.
Postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərini qeyd edən V.Nəsirli artıq şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslərdən ibarət olmaqla artıq 41 min şəxsə 47 min xidmət göstərilib.
N.Bayramov ölkəmizin hər bir bölgəsində olduğu kimi, Gəncə şəhərində də şəhid ailələrinin və müharibə əlillərinin dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarını, bu gün onlara mənzillərin verilməsinin də bunun bir təzahürü olduğunu vurğulayıb.
Mənzillərlə təmin edilən vətəndaşlar daim sosial dəstəklə əhatə olunduqlarını vurğulayıblar. Onlar mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.