Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayonu, S.Əsgərova küç., 85 ərazi partiya təşkilatının iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev də iştirak ediblər.
S.Babayev 1992-ci ilin noyabr ayında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğunu vurğulayıb.
Nazir ulu öndər Heydər Əliyevin müdrik siyasətinin 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyini, ötən 18 ildə əldə olunan mühüm uğurları, xüsusilə Vətən müharibəsində möhtəşəm Zəfərimizi diqqətə çatdırıb. Həmçinin sosial nailiyyətləri, sosial proqramların əhəmiyyətli dərəcədə genişləndiyini, sosial ödənişlər üzrə xərclərin son 3 ildə 60% və ya 2,4 milyard manat artdığını qeyd edib.
S.Babayev bu günlərdə Prezidenti İlham Əliyevin imzaladığı 10 Fərman və Sərəncamla sosial islahatların yeni mərhələsinə başlandığını, 2,1 milyondan çox şəxsi əhatə edən sosial ödənişlərdə növbəti dəfə ciddi artımlar edildiyini bildirib.
O, Nazirlik əməkdaşlarından YAP sıralarına daxil olanların artmaqda olduğunu, 2018-ci ilin aprel ayından Nazirlik sistemi üzrə 900-ə yaxın işçinin Partiya sıralarına qəbul edildiyini, Nazirlik və qüumlarından 4 min əməkdaşın YAP üzvü olduğunu bildirib.
Nazir Partiyaya yeni üzv qəbul olunan əməkdaşları təbrik edib.
Tədbirdə partiyanın üzvlüyünə qəbul olunan nazirlik əməkdaşları çıxış edib. Ümumilikdə Nazirlik sistemində çalışan 143 əməkdaş Partiyaya üzv qəbul olunub, onlara üzvlük vəsiqələri verilib. Daha 107 əməkdaşın YAP-a üzv qəbul olunmaq üçün ərizələri qəbul edilib.
Sonra çıxış edən T.Budaqov 1990-cı illərin əvvəllərində, Azərbaycanın ağır vəziyyətdə olduğu bir vaxtda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın ölkəmizin bütün sahələrdə inkişafında mühüm rolunu vurğulayıb. O, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyət və qələbələri diqqətə çatdırıb.
T.Budaqov YAP-ın qarşıya qoyulan vəzifələrinin yerinə yetirilməsində rayon və ərazi partiya təşkilatlarının da rolunu, onların mütəşəkkil, aktiv fəaliyyətinin vacibliyini qeyd edib. O, Partiyaya yeni üzv qəbul olunanları təbrik edib.
Nazirlik sistemində çalışan əməkdaşlara Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrini təqdim edilib.