ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə
bağlı “Vahid elektron lövhə” yaradılıb.
AzerTimes xəbər verir ki, bununla
bağlı Nazirlər Kabinetinin 214 № li Qərarına
dair izahda deyilir:
– “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın
“Biznesə başlama, vergi və hesabatlılıq” işçi qrupunun 2021-ci il
üçün Fəaliyyət Planının “Vergilərin ödənilməsi” bölməsinin 5-ci
bəndində Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyinə ƏDV
sahəsində inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın daha da
artırılması məqsədilə ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin
qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən
qaytarılması ilə bağlı “Vahid elektron lövhə”nin yaradılması və
tətbiqinə başlanılması tapşırılmışdır.
Qərar qeyd edilən tapşırığın icrasının təmin edilməsi zərurəti
ilə hazırlanmışdır.
Belə ki, Qaydaların əvvəlki redaksiyasında vergilər üzrə artıq
ödənilmiş vəsaitlərin vergi ödəyicisinə qaytarılmasının təmin
edilməsi məqsədilə tərtib edilmiş rəylə birlikdə vergi orqanlarına
təqdim edilmiş müvafiq ərizənin surətinin də maliyyə orqanlarına
təqdim edilməsi nəzərdə tutulurdu.
Qeyd edilən prosedurun Dövlət Vergi Xidmətinin
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış “Vahid
elektron lövhə” vasitəsilə elektron formada həyata keçirələcəyini
nəzərə alaraq, Qərarda bununla bağlı müddəalar nəzərdə
tutulmuşdur.