ƏDV tətbiq edilməklə satılmış mallara görə hesablanmış ƏDV məbləğləri azaldılacaq

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin 1
yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən
siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən
təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və
kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik
komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların)
istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın
idxalı və satışı ƏDV-dən azaddır.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Nazirlər
Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə idxalı
və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya
vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların
nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq
edilib.

Siyahıya aşağıdakı məhsullar daxildir:

– Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı;

– Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik
məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və
karton;

– Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük;

– Çap edilmiş kitablar, broşürlər, vərəqlər və analoji çap
materialları, kitab şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər
şəklində;

– İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı
olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər;

– Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq
kitabları;

– Cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və ya
illüstrasiyasız çap olunmuş və ya əlyazma notlar;

– Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri,
topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik
xəritələr və ya bütün növ analoji xəritələr.

Qeyd edək ki, kağız idxalının ƏDV-dən azad edilməsi çap
mediasının səmərəli fəaliyyətinə əhəmiyyətli təsir göstərən
amillərdən biridir. Son vaxtlar dünyada qiymət artımının həm də
kağız məmulatlarına təsir etməsi daxili bazarda da müşahidə
olunurdu. Bu güzəşt daxili bazarda həmin məhsulların qiymətlərinin
ucuzlaşmasını stimullaşdıracaq və çap mediası məhsullarının maya
dəyərini və istehsal xərclərini əsaslı şəkildə azaltmaqla bu
sahənin inkişafına təkan verəcəkdir. Eyni zamanda, çap
məhsullarının ƏDV-dən azad edilməsi kitab bazarına da müsbət təsir
göstərməklə kitabların ucuz başa gəlməsinə səbəb olacaqdır.

Bununla belə, azadolmanın verilməsi nəzərdə tutulan 2022-ci il
yanvarın 1-i tarixindən Nazirlər Kabineti tərəfindən müvafiq
siyahının təsdiq edilməsinə qədər olan dövr ərzində bir sıra vergi
ödəyiciləri tərəfindən müvafiq kateqoriyalı malların satışı ƏDV
tətbiq edilməklə həyata keçirilmişdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki,
1 yanvar 2022-ci il tarixdən etibarən sözügedən siyahı təsdiq
olunan dövrə qədər vergi ödəyiciləri tərəfindən ƏDV tətbiq
edilməklə satılmış həmin mallara görə hesablanmış ƏDV məbləğləri
dəqiqləşdirilmiş hesabatlar təqdim edilməklə azaldılacaq. Eyni
zamanda müvafiq məhsulların siyahısı təsdiq olunan tarixədək olan
dövr ərzində vergi ödəyiciləri tərəfindən idxal edilmiş həmin
məhsullara görə gömrük orqanlarına ödənilmiş və əvəzləşdirilmiş ƏDV
məbləğləri bərpa olunmur və əvəzləşdirmələr vergi orqanları
tərəfindən nəzərə alınır.

Teqlər: