“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib (FOTO)

19 may tarixində Ədliyyə Nazirliyinin, Medianın İnkişafı
Agentliyinin (MEDİA) və Məhkəmə Hakimləri Assosiasiyaları
İttifaqının birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Ədliyyə
orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda
təlim keçirilib.

Trend xəbər
verir ki, 40-a yaxın media nümayəndəsinin qatıldığı təlimdə Ədliyyə
Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Məhkəmə-Hüquq
Şurasının, Mediasiya Şurasının rəhbər və məsul şəxsləri, Bakı şəhər
Yasamal Rayon məhkəməsinin sədri və spiker-hakimlər iştirak
ediblər.

Təlimin açılışında çıxış edən Ədliyyə Nazirliyinin İnsan
hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova
ədliyyə orqanlarının və məhkəmələrin media ilə dialoqun, sosial
media fəaliyyətinin gücləndirilməsi ilə bağlı ardıcıl işlərin
görüldüyünü qeyd edib, Ədliyyə Nazirliyinin 2021-2023-cü illər üzrə
Kommunikasiya Strategiyasına toxunaraq Medianın İnkişafı Agentliyi,
Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə
təşkilatçılığı ilə keçirilən təlimin media nümayəndələri, həmçinin
ədliyyə sahəsində mətbuata məsul əməkdaşlar və spiker-hakimlər üçün
kommunikasiyanın daha effektiv həyata keçirilməsi baxımından
faydasını vurğulayıb.

Medianın İnkişafı Agentliyinin Media subyektləri və
jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimin başlıca
hədəfinin ədliyyə orqanları ilə medianın münasibətlərinin daha da
şəffaflaşdırılması işinə xidmət olduğunu bildirib. Bu
münasibətlərin ölkəmizin beynəlxalq imici üçün müstəsna
əhəmiyyətinin olduğunu deyən Natiq Məmmədli jurnalistlərin
kommunikasiyaya qoşulmasının cəmiyyətin daha çox
məlumatlandırılması baxımından önəmli olduğunu diqqətə
çatdırıb.

Sonra əhalinin hüquqi maarifləndirilməsində Ədliyyə Nazirliyinin
rolu, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə fəaliyyəti,
məhkəmələrin müstəqilliyi, onların fəaliyyətinə müdaxilənin
yolverilməzliyi və şəffaflıq, məhkəməyə qədər mübahisələrin
həllində mediasiyanın rolu, media sahəsində qanunvericiliyinin
prioritetləri, ədliyyə orqanlarında və məhkəmələrdə media ilə işin
təşkili, bu sahədə kommunikasiya strategiyası və sosial media
siyasəti ilə bağlı mövzularda məruzələr dinlənilib, jurnalistləri
maraqlandıran suallar cavablandırılıb.

Sonda media nümayəndələrinə təlimdə iştirak etdiklərinə görə
sertifikatlar təqdim olunub.

Teqlər: