Azərbaycanda bir müddətdir ki, apellyasiya şikayətləri yalnız elektron formada qəbul edilir, poçtla göndərilən müraciətlərə isə baxılmır.
Daha müasir, daha sivil, daha çevik üsul sayılmalıdır əslində: poçta getmək, əlavə vaxt itkisinin qarşısı alınıb – guya!
Əvəzində isə Ədliyyə Nazirliyinin elektron sisteminin tamamilə zay olduğu üzə çıxıb. Son 3 gündə isə ümumiyyətlə bu sistem çalışmır, elektron ərizələrin təsdiqlənməsi və göndərilməsi mümkün deyil, sistem tam çöküb.
Ədliyyə Nazirliyinin müvafiq qurumundan bildirilir ki, sistemdə nasazlıq var, aradan qaldırılmasına çalışılır. Ancaq nə vaxt problem aradan qaldırılacaq? – bu suala kimsə cavab verə bilmir.
Bəs, bu müddət ərzində özündən asılı olmayan səbəblərdən apellyasiya şikətininin verilmə müddətini ötürən vətəndaş nə etməlidir?
Yerli məhkəmələr bildirirlər ki, əgər müddət ötürülərsə, o ərizənin qəbul edilib-edilməyəcəyinə hakim qərar verəcək – o hakim ki, tam bir ədalətsiz qərar çıxarıb və onun qərarından şikayətçisən. O hakimin müddətin ötürülməsinin səbəbi kimi Ədliyyə Nazirliyinin elektron sisteminin çökməsini qəbul edəcəyi ehtimalı varmı? Həm də bununla bağlı elektron məktubda qeyd də vermək mümkün deyil. Şifahi məlumatlandırma ilə – yazılı müraciət “elektron sistem tətbiq edildiyi üçün” qəbul edilmir – birinci instansiya məhkəməsində inanılmaz ədalətsizliyə imza atan birisi bu arqumenti qəbul edərmi?
Ən pis halda Ədliyyə Nazirliyi sistemdəki qüsurlar səbəbindən rəsmi açıqlama yayaraq, elektron ərizələrin qəbulunda yaranan problem aradan qaldırılana qədər məhkəmələrin itirilən müddəti nəzərə almayacağını və ərizələrin qəbul ediləcəyini elan etməlidir.
Ancaq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları nə bu elanı yayır və məhkəmələrə bildiriş göndərir, nə elektron sistemdəki problemi aradan qaldırır, nə də suallara cavab verir.
Vətəndaş nə etməlidir? Ədalətsiz qərar verib, vətəndaşın şikayət hüququnun əlindən bu cür alınması nə deməkdir?
Mövzunu davam etdirəcəm…