Ədəbi dil normalarını pozanlara qarşı cərimələr tətbiq edilsin – Dilçilik İnstitutu

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ədəbi dil normalarının pozulması hallarına qarşı müvafiq cərimələr tətbiq edilsin.

AzerTimes-ın məlumatına görə, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, Dilçilik İnstitutunun elmi şurasında mövcud problem müzakirə olunarkən bəzi tədbirlərin həyata keçirilməsi təklif kimi irəli sürülüb.

Həmin təklifləri açıqlayan M.Nağısoylu qeyd edib ki, dövlət televiziya kanalında və digər kanallarda “Azərbaycan dili” verilişi bərpa edilsin və verilişdə dilimizin saflığı və ədəbi dil normalarının pozulması məsələsi geniş şəkildə işıqlandırılsın. Azərbaycan dilinin saflığının qorun­ması istiqamətində maarifləndirmə işi genişləndirilsin. Mətbuat və televiziya işçilərinin işə qəbulu zamanı onların nitq mədəniyyətinə bələdliyi səviyyəsi yoxla­nılsın. Ayrıca olaraq mətbuat və televiziya işçiləri üçün praktik “Nitq mədəniyyəti” vəsaiti hazırlanıb nəşr edilsin.

Direktor əlavə edib ki, Təhsil Nazirliyinin müvafiq qu­rumlarında “Nitq mədəniyyəti” fənninin tədrisinin keyfiyyətinin yaxşılaşdırılması, “Nitq mədəniyyəti” dərsliyinin yeni təkmilləşdirilmiş nəşrinin hazırlanması, Dövlət Dil Komissiyası yanında Mo­nitorinq Mərkəzi ilə koordinasiya işinin gücləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsinə diqqətin artırılması, dilimizə daxil olan yeni terminlərin mütəmadi olaraq ictimaiyyətə çatdırılması və müzakirəsi, Azərbaycan dilinin orfoepiya lüğətinin hazırlanıb nəşr olunması edilən təkliflər sırasındadır.

Teqlər: