“Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri keçirilib (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq
maarifləndirmə kampaniyası çərçivəsində 26 fevral 2022-ci il
tarixində Bakı Konqres Mərkəzində “Ədalətsizliyin 30 ili” adlı
beynəlxalq anım tədbiri keçirilmişdir. Hibrid formada baş tutan
tədbirdə dövlət rəsmiləri, ölkəmizdə təhsil alan xarici və yerli
tələbələr, diplomatik korpus nümayəndələri, Xocalı soyqırımı
şahidləri, gənclər təşkilatlarının nümayəndələri iştirak etmiş,
həmçinin ölkəmizin 55 regionundan və Türkiyənin 81 vilayətindən
mindən çox gənc onlayn şəkildə tədbirə qoşulmuşdur.

Tədbirdən öncə iştirakçılar dünya şöhrətli fotojurnalist Reza
Deqatinin Xocalı soyqırımından dərhal sonra lentə aldığı, Xocalı
faciəsinin dəhşətlərini əks etdirən foto-sərgi ilə tanış olmuşlar.
R.Deqati ziyarətçilərə fotolar barədə məlumat vermiş, gənclərin
suallarını cavablandırmışdır. Bakı Konqres Mərkəzində, həmçinin,
digər yerli və xarici fotoqrafların çəkdiyi, Xocalı soyqırımını əks
etdirən şəkillər də nümayiş olunmuşdur.

“Xocalıya ədalət” kampaniyasının xüsusi stendində kampaniya
tərəfindən soyqırımı həqiqətləri ilə bağlı nəşr edilmiş çoxsaylı
kitab, buklet və broşurlar, maarifləndirici təbliğat materialları,
həmçinin kampaniyanın loqosu və şüarları əks olunan təbliğat
materialları gənclərə nümayiş olunmuşdur.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid
olan soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi ilə başlanılmışdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin
müdiri Yusuf Məmmədəliyev və Türkiyə Gənclər Fondunun direktoru
Enes Eminoğlu bildirdilər ki, 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı
şəhərində dinc əhaliyə qarşı həyata keçirilən soyqırımı nəticəsində
bir gecədə 106 qadın, 63 uşaq, 70 ahıl insan olmaqla 613 nəfər
xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Qeyd olundu ki, Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına
siyasi-hüquqi qiymət verilmiş, 1994-cü ildən etibarən 26 fevral
“Xocalı Soyqırımı Günü” kimi yad edilməsi qərara alınmışdır.

2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında Şanlı ordumuzun qazandığı tarixi qələbə nəticəsində 30 ilə
yaxın davam edən erməni işğalına son qoyulsa da, ədalətin bərpası
uğrunda mübarizə bitməyib. Xüsusilə informasiya məkanında erməni
yalanlarının ifşa edilməsi, xalqımıza qarşı törədilən ağır
beynəlxalq cinayətlər barədə dünya ictimaiyyətinin
maarifləndirilməsi öz aktuallığını saxlayır. Bu xüsusda, gənclərin
üzərinə düşən minimum vəzifə “Xocalıya ədalət” Beynəlxalq
Kampaniyasının təqdim etdiyi materiallardan istifadə etməklə,
soyqırımı həqiqətlərini dünyaya çatdırmaqdır.


Daha sonra, Xocalı qurbanlarını lentə alaraq vizual tarix
yaddaşı yaradan tanınmış fotojurnalist Reza Deqhatinin
“khojalywitness.org” adlı yeni saytının təqdimatı keçirilmişdir.
Dörd dildə fəaliyyətə başlayan saytın əsas məqsədi şahidlərin və
qurbanların fotolarını əks etdirərək qanlı tarixi yaşatmaq,
beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və gələcək nəsillərə
ötürməkdən ibarətdir.

Tədbirin bədii hissəsində peşəkar aktyorlar tərəfindən Xocalı
sakinlərinin üzləşdiyi qəddarlığı əks etdirən tamaşa nümayiş
etdirilmişdir. Tamaşa zamanı arxa fonda yerləşdirilən monitorda
yaşananları əks etdirən real fotolar tamaşaçılarda kədərli
emosiyalar yaratmışdır.

Tədbirin yekununda yerli və xarici tələbələrin iştirakı ilə
“Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsi”
mövzusunda panel müzakirə baş tutmuşdur. Paneldə iştirak edən
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla
Abdullayeva, Daxili İşlər Nazirliyinin beynəlxalq əməkdaşlıq
idarəsinin rəis müavini Elnur Aslanov, Azərbaycan Respublikası
Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə
müşaviri Emil Tağıyev, ADA Universitetinin siyasi elmlər və
iqtisadi nəzəriyyə üzrə professoru Kavus Abuşov Xocalı soyqırımına
beynəlxalq hüquqi qiymətin verilməsi mövzusunda müzakirələr aparmış
və gənclərin suallarını cavablandırmışlar.

Xatırladaq ki, “Xocalıya Ədalət” Kampaniyasının əsas məqsədi
Xocalı soyqırımına beynəlxalq səviyyədə müvafiq siyasi-hüquqi
qiymətin verilməsi, ədalətin təmin olunması, cinayətkarların
məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin
əbədiləşdirilməsindən ibarətdir.

Xocalı soyqırımı ilə bağlı məlumatları istifadə edən zaman
Kampaniyanın rəsmi veb-saytına (https://justiceforkhojaly.org/)
istinad edilməsi tövsiyə olunur. Bununla yanaşı, Xocalı faciəsi ilə
bağlı keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə
məlumatları, həmçinin tədbirin keçirilməsinə lazimi dəstək ilə
bağlı müraciəti [email protected]
elektron poçt ünvanına göndərmək mümkündür.

Teqlər: