Ədalətsiz yanaşma COVAX-a olan etibarı heçə endirir – Tamam Cəfərova

Ötən il COVİD-19 pandemiyasının başlamasından etibarən Azərbaycan pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olmuş və bu istiqamətdə bir sıra dəyərli təşəbbüslərlə çıxış etmişdir. Belə ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası 2020-ci ilin 3-4 dekabr tarixlərində uğurla keçirilmiş və beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfə vermişdir. Bununla yanaşı, Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olmuşdur. Qəbul olunmuş bu qətnamə, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə etməklə yanaşı, bütün dövlətləri peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır.

Bu barədə AzerTimes-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat xüsusilə vurğulayıb ki, hazırda davam edən prosesdə vaksinlərin ədalətli bölgüsündə problemlər müşahidə olunur: “Bu barədə, Azərbaycan Prezidentinin fevralın 26-da yerli və beynəlxalq mətbuat nümyəndələrinin iştirakı ilə keçirilən və dörd saatdan çox davam edən mətbuat konfransında da vaksinlərin ölkələr arasında ədalətlilik və əlçatanlıq prinsiplərinə əsasən bölüşdürülməməsi məsələsinə bir daha toxunulub. Cənab Prezident nitqində vuğulamışdır ki, “…Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük”. Prezident İlham Əliyev qeyd etmişdir ki, bəzi dövlətlər öz tələbatlarından bir neçə dəfə çox vaksin alır və nəticədə inkişaf etməkdə olan dövlətlər vaksin çatışmazlığı problemi ilə üzləşəcək. Məhz bu çıxışlardan sonra BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Bu, dünyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə göstərilən böyük hörmət və ehtiramın növbəti təzahürüdür”.

T.Cəfərova qeyd edib ki, bütün bu təşəbbüslərə baxmayaraq, pandemiya ilə mübarizədə qazanılmış uğurlara rəğmən, sanki, vaksin kimi önəmli səhiyyə məsələsində də ölkəmizə qarşı ikili standartlar tətbiq etməyə çalışılır: “Belə ki, Azərbaycan COVAX təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olmasına baxmayaraq, COVAX tərəfindən Azərbaycana vaksinlərin verilməsində müəyyən problemlər yaranıb. COVAX Azərbaycan tərəfinə bildirmişdir ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin artıq müəyyən qədər vaxtın keçməyinə baxmayaraq hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər isə COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.

Əlbəttə belə yanaşma qeyri-ciddidir və nəticədə COVAX-a olan etibarı heçə endirir. Bütün bunlarla yanaşı, Azərbaycan dövləti COVAX-ın ilkin vədlərinə baxmayaraq öz işini sığortalamışdır və Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükünü təmin etmişdir. Azərbaycan dövləti pandemiya ilə əlaqədar o qədər qabaqlayıcı tədbirlər həyata keçirib, hər şeyi vaxtında düşünülmüş şəkildə aparıb ki, COVAX-ın ədalətsizliyə yol verməsi Azərbaycan üçün böyük fəsad törətmir. Artıq ölkəmizdə yarım milyona yaxın vətəndaşımıza vaksin vurulub və proses uğurla davam edir. Regionumuzda ilk vaksinasiya kampaniyasına başlayan ölkə məhz Azərbaycan olmuşdur. Beləliklə, Azərbaycanın bütün imkanları səfərbər edərək vaksinin vaxtında tədarükünə nail olması ölkəmizin öz vətəndaşının qayğısına yüksək səviyyədə qalmağının bariz nümunəsidir”.

Teqlər: