Xəbər - İlhamə İsabalayeva – Trend:
Əminəm ki, Şuşa dünyanın ən məşhur turizm şəhərinə çevriləcək, o zaman buraya dünyanın hər yerindən insanlar gələcək. Müxtəlif ölkələrdən olan əcnəbilərin Şuşaya gəlib qayıdandan sonra Azərbaycan haqqında, Şuşa haqqında danışması bizim təkrar qələbəmiz olacaq. Bu, həm də düşmənə təkrar-təkrar zərbədir.
Bunu AzerTimes-a jurnalist, Şuşa sakini Kəmalə Cahidqızı deyib.
Onun sözlərinə görə, Şuşaya getmək, Şuşanı yenə görmək hər zaman, hətta doğma şəhərinin işgal altında olduğu 28 il 6 ay ərzində ən böyük arzusu olub:
“Ötən il noyabrın 8-də müqəddəs Şuşa torpağı mənfur düşməndən təmizlənəndən sonra bu arzuma bir də səbrsizliyim əlavə edilib. Hələ bu ilin yanvar ayında Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə “istiqamət Şuşaya” deyərək üzü Şuşaya gedərkən o qədər həyəcanlanmışdım ki! Sonra səfərlə bağlı videomateriallara baxdım, yeniyetməliyimdən bu günə qədər mənim yalnız xəyali olaraq gəzə bildiyim yerlərə Prezidentim səfər edirdi. Təsəvvür edirsiniz, bu, nə deməkdir? Mən Azərbaycan Prezidentinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfərinin hərbi və siyasi əhəmiyyətindən danışmaq istəmirəm. Təbii ki, Azərbaycanın tarixi, mədəni və strateji baxımdan olduqca əhəmiyyətli bir məskəni olan və Qarabağın baş tacı, qədim Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə necə həlledici təsir göstərdisə, dövlət başçısı İlham Əliyevin Şuşaya təkrar-təkrar səfər etməsi də bu məsələnin siyasi cəhətdən həlli baxımından o qədər böyük əhəmiyyət daşıyır. Ancaq mən 18 yaşında tərk etmək məcburiyyətində qaldığım şəhərə indi 18 yaşlı övladı ilə getməyə hazırlaşan sadə bir şuşalı olaraq danışmaq istəyirəm. Dövlət başçımız Şuşaya avtomobillə daxil olanda, Şuşanın gözəlliyindən böyük fərəhlə danışanda, “Şuşanın dağları, qarlı, dumanlı” deyib gözəl şəhərimin mənzərəsini göstərəndə, hələ yaşadığım binanın düz qarşısından keçəndə buna necə sakitcə oturub baxa bilərəm? Bu hissi, inanın ki, ifadə etmək mümkünsüzdür”. .
K.Cahidqızı əlavə edib ki, bu gün doğma şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır.
Onun sözlərinə görə, işğal dövründə “Şuşalıyam” sözünü ancaq nisgillə, kədərlə dilə gətirib. Ancaq həyatında heç vaxt şuşalı olduğu üçün indiki qədər fəxr eləməyib:
“Özümü dünyanın ən xoşbəxt vətəndaşı hesab eləyirəm. Cənab Prezident deyir ki, Şuşa tək Azərbaycanın yox, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Buna necə fərəhlənməmək olar ki?”