Azərbaycan Əbu-Dabinin turistlər üçün nəzərdə tutulan “Yaşıl siyahı”sına əlavə edilib.
Bu barədə Trend Əbu-Dabinin Mədəniyyət və Turizm Departamentinə istinadən xəbər verir.
Məlumata əsasən, Azərbaycandan gələn sərnişinlər Əbu-Dabiyə endikdən sonra məcburi karantin tədbirlərindən azad edilir və yalnız Əbu-Dabi hava limanına çatdıqdan sonra PZR testindən keçməlidirlər.
Mayın 23-ü yenilənən “Yaşıl siyahı”ya artıq 29 fərqli yer daxildir. Aprelin 25-dən qüvvədə olan əvvəlki “Yaşıl siyahı” ilə müqayisədə siyahıya Azərbaycandan əlavə, Almaniya, Qırğızıstan, Moldova, İspaniya və ABŞ da əlavə edilib.
Mədəniyyət və Turizm Departamenti “Yaşıl siyahı”nın yalnız BƏƏ-yə sərnişinlərin gəldiyi yerlərə aid olduğunu, vətəndaşlığa aid olmadığını da açıqlayıb. Siyahı BƏƏ cəmiyyətinin rifahını təmin etmək üçün ciddi sağlamlıq və təhlükəsizlik meyarları əsasında yenilənir.