Əbədiyaşarlıq haqqını qazanmış Ulu öndər (FOTO/VİDEO)

Ulu öndər Heydər Əliyevin həyatının leytmotivi Azərbaycanın
müstəqilliyi, dövlətçiliyi və xalqımızın xöşbəxtliyi idi. Heydər
Əliyev bütün həyatı boyu bu amallar üçün yaşayan bir insan idi.

Bunu AzerTimes-a Azərbaycanın ilk Ombusdmanı Elmira Süleymanova
deyib.

O bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında
xidmətləri ölçüyəgəlməzdir.

“İstərdim ki, Heydər Əliyevlə bağlı fikirlərimi 90-cı illərdən
başlayım. 1990-cı ilin qanlı 20 Yanvar faciəsi yaddaşlarımızdan
silinməz, çox ağır bir hadisə idi. Həmin dövrdə nə ozamankı hökumət
səsini çıxardı, nə bir qərar qəbul olundu, nə də bu hadisəyə siyasi
qiymət verildi. Tarix də göstərdi ki, əslində, bu hadisələrin
səbəbkarlarından biri də o zaman hakimiyyəti zəbt etmiş, dövlət
idarəçiliyindən xəbəri olmayan, rəhbərliyə təsadüfən gəlmiş
insanlar idi.

İlk dəfə bu faciəyə siyasi qiymət verən Ulu öndər Heydər Əliyev
oldu. O çətin dövrdə Heydər Əliyev Azərbaycanın Moskvadakı
nümayəndəliyinə gəldi, ağır və gərgin vəziyyətdə özünə xas olan
cəsarətlə Bakıda dinc əhalinin qırğınına siyasi qiymət verdi və
Qorbaçovu cinayətkar, bu faciənin səbəbkarı kimi qiymətləndirdi.
Əlbəttə, o zaman bunu etmək insandan çox böyük qətiyyət tələb
edirdi, böyük risk daşıyırdı. Lakin bu, Heydər Əliyevə xas olan bir
cəsarət idi və ömür boyu özünün bu keyfiyyətlərini ən ağır
vəziyyətlərdə də nümayiş etdirib. Beləliklə, bədbinliyə uğramış
xalqımız başa düşdü ki, bizim xilaskarımız var, biz bu ağır
durumdan inkişaf yoluna qədəm qoyacağıq, mübariz olmalıyıq.

1993-cü ildə Heydər Əliyev Bakıya, ikinci dəfə siyasi
hakimiyyətə qayıtdı. O zaman Azərbaycanda yoxsulluğun səviyyəsi 85
faizə çatmışdı, ölkəmizi dağıntılar, siyasi, iqtisadi, sosial, bir
sözlə, hərtərəfli böhran bürümüşdü, xaos və özbaşınalıq hökm
sürürdü. Belə bir çətin vəziyyətdə Heydər Əliyev xalqın təkidi ilə
hakimiyyətə qayıtdı və ilk günlərdən hərtərəfli islahatların
özülünü qoydu.

Ümummilli liderimiz böyük və məharətli strateq olaraq, uzaq
perspektivi görməklə qənaətə gəldi ki, hərtərəfli, köklü
islahatlara ehtiyac var. O, yaranmış vəziyyətdən çıxmaq üçün
qarşıdakı məqsədləri və onlara aparan yolları aydın görürdü,
müəyyən etdi ki, ən əvvəl iqtisadiyyatımızı inkişaf etdirməliyik,
güclü ordu yaratmalıyıq.

Ulu öndər dəqiq bilirdi ki, yalnız qüdrətli Azərbaycan yaranmış
gərgin geosiyasi vəziyyətdə 200 ildən çox davam edən erməni
təcavüzünün qarşısını ala bilər.

Heydər Əliyevin fenomenliyi ondan ibarət idi ki, o, uzağı
görürdü, məqsədləri dəqiq müəyyən edirdi və o məqsədlərə aparan ən
səmərəli yolları tapa bilirdi”, – deyə E.Süleymanova qeyd edib.

O vurğulayıb ki, ümummilli liderimiz siyasi hakimiyyətə
qayıtdıqda ən əvvəl heç də asan olmayan iki mühüm məsələni həll
etdi. “Birincisi, 1994-cü ildə Ermənistanla atəşkəs əldə olundu. Bu
atəşkəs zaman udmaq üçün vacib və çox böyük strateji əhəmiyyət kəsb
edən bir nailiyyət idi.

Başqa bir mühüm qərar isə ölüm hökmünün aradan qaldırılması idi.
1993-cü ildə bu cəza növünə qadağa qoyuldu, 1998-ci ildə isə artıq
Heydər Əliyevin tövsiyəsi ilə Milli Məclis bu haqda qanun qəbul
etdi.

Ölüm cəzasının aradan qaldırılmasına qarşı etirazlar var idi.
Sual olunurdu ki, bir və ya bir neçə şəxsi qətlə yetirən insanı nə
üçün ölümlə cəzalandırmaq olmaz?! Amma Ulu öndərin məntiqinə və
humanist yanaşmasına, müdrik cavabına baxın ki, insan insanı
öldürübsə, bu, başqa haldır, lakin hüquqi-demokratik dövlət öz
vətəndaşını öldürə bilməz və təkidlə bu qərarı qanun səviyyəsinə
qaldırdı”, – deyə E.Süleymanova bildirib.

O, həmçinin, dərin böhrandan çıxış yolu kimi “Əsrin
müqaviləsi”nin əhəmiyyəti haqqında danışıb. “Bu nəhəng layihənin
nəinki ölkədaxili problemlərin həllində, həmçinin, beynəlxalq
aləmdə tarixi əhəmiyyətinə bu gün hər kəs şahidlik edir. Lakin o
zaman Heydər Əliyevin bu taleyüklü təşəbbüsünü tənqid edənlər,
şübhə altına alanlar da var idi. Zaman isə bu tənqidlərin tamamilə
əsassız olduğunu, həmin neft müqaviləsinin ölkəmizi tamamilə yeni
mərhələyə, inkişafa və tərəqqiyə doğru apardığını, beynəlxalq
aləmdə nüfuzunun yüksəlməsinə səbəb olduğunu göstərdi.

Yeri gəlmişkən, 1999-cu ildə tarixi İstanbul sammiti baş tutdu.
Qeyri-hökumət təşkilatının rəhbəri olaraq mən də o sammitə dəvət
olunmuşdum. Burada ilk dəfə olaraq Heydər Əliyev bəyan etdi ki,
Azərbaycan təklif olunan və bir çox dövlətlərin marağında olanı
deyil, məhz Bakı-Tbilisi-Ceyhan marşrutunu seçir.

Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl isə çıxışında
bildirdi ki, Heydər Əliyev bu qərarı ilə yalnız Türkiyə və
Azərbaycanı yox, bütün türk dünyasını şərəfləndirdi. Bu sammitdə
bir daha şahidi oldum ki, güclü siyasətçi, dövlət xadimi və
diplomat olan prezidentimiz özünün bir qərarı ilə dünya miqyasında
xalqının nüfuzunu necə məharətlə qaldırdı”, – deyə sabiq Ombudsman
bildirib.

E.Süleymanova vurğulayıb ki, ümummilli liderimizin ən mühüm
prioritetlərindən biri də ölkədə insan hüquq və azadlıqlarının
təmin olunması idi.

“2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasına üzv qəbul
olundu və qaydalara uyğun olaraq qarşımızda bir sıra öhdəliklər
qoyuldu.

Onlardan biri də bir il müddətində Azərbaycan Respublikası
“İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)” haqqında qanunun qəbul
edilməsi idi. Lakin uzaqgörən liderimiz 1998-ci ildə Azərbaycanda
insan hüquq və azadlıqlarının təmin olunmasının səmərəliliyinin
artırılması ilə bağlı fərman və sərəncam imzalamışdı və bu rəsmi
sənədlərdə Azərbaycanda ilk dəfə olaraq ombudsman adı çəkilirdi. Bu
sənədlər Avropa Şurasının qoyduğu müvafiq öhdəliyin yerinə
yetirilməsi üçün artıq zəmin yaratmışdı. Elə 2001-ci ilin dekabrın
28-də artıq Milli Məclisdə “Azərbaycan Respublikası İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman)” haqqında ilk və Konstitusiya statuslu
qanun qəbul edildi, Avropa Şurasının və digər beynəlxalq
ekspertlərin dəyərləndirdiyinə görə, bu, çox mükəmməl qanun
idi.

Səbəb isə o idi ki, bu qanun dünyada 200 ildən çox müddət
ərzində fəaliyyət göstərən ombudsman təsisatlarının təcrübəsindən
yararlanaraq, habelə, ölkəmizin xüsusiyyətlərini nəzərə alaraq
ərsəyə gətirildi. 2002-ci il 2 iyul tarixində Milli Məclis ölkə
Prezidentinin tövsiyəsi ilə verilən üç nazmizəddən birini səsvermə
yolu ilə Azərbaycanın ilk Ombudsmanı seçdi. Ölkəmizin ilk
Ombudsmanı olmaq mənim taleyimə düşdü. Bu gün Azərbaycan Ombudsmanı
dünya ombudsmanlar ailəsində uğurlu bir təsisat kimi tanınmışdır”,
– deyə E.Süleymanova əlavə edib.

O qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin banisi, dövlət
quruculuğunun, onun hərtərəfli inkişafı üçün yeni strategiyaların
müəllifi, bunların dinamik tərzdə həyata keçirilməsi üçün səmərəli
idarəetmə mexanizmlərinin yaradılmasında milsilsiz xidmətləri ilə
Ulu öndər Heydər Əliyev xalqımızın qəlbində əbədiyaşarlıq haqqı
qazanıb.

E.Süleymanova əlavə edib ki, Ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulan və Vətən müharibəsində böyük Zəfərə aparan siyasi
kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Cənab Prezident, Müzəffər Ali Baş Komandan, məharətli sərkərdə
və diplomat İlham Əliyev xalqımızı və ordumuzu bir yumruq kimi
ətrafında birləşdirərək 44 günlük Vətən müharibəsində şərəfli
tarixi Zəfər əldə etməklə 30 illik erməni işğalına son qoydu, hər
hansı bir dövlətin və beynəlxalq qurumun dəstəyi olmadan Qarabağ
münaqişəsini həll etdi. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə
nəhəng bərpa və quruculuq işləri həyata keçirilir, insanlarımızın
uzun illər həsrətində olduğu doğma yurdlarına qayıtması üçün geniş
real imkanlar yaradılır.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan
böyük inkişaf yolu keçib, siyasi, iqtisadi, sosial və digər
sahələrdə ciddi nailiyyətlər əldə edib, ölkəmizin beynəlxalq aləmdə
nüfuzu daha da güclənməkdədir.

Bu gün Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin
rəhbərliyi ilə inamla irəliləyir və ildən-ilə yeni zirvələr fəth
edəcək”, – deyə E.Süleymanova qeyd edib.

Teqlər: