Xəbər - Çingiz Səfərli – Trend:
“Eastweststream.com” mediaplatformasının yaranması yeni bir mərhələnin təzahürüdür.
AzerTimes xəbər verir ki, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Trend və TASS agentliklərinin birgə layihəsi olan “Eastweststream.com” media-platformasının təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu mərhələ Azərbaycan media resurslarının qlobal mediaya çıxış mərhələsidir: “Bu, Azərbaycan həqiqətlərinin dünyaya effektli formada təqdimatı, Azərbaycan mediasının dünyada layiqli yerini tutmasıdır. Bu münasibətlə Azərbaycan jurnalistlərini təbrik edirəm. Bu siyasətin əsasını cənab Prezident İlham Əliyev qoydu. 44 günlük Vətən müharibəsində cənab Prezidentin “dəmir yumruğu” ancaq torpaqlarımızı işğaldan azad etmədi, eyni zamanda cənab Prezident hər bir jurnalistə masterklas keçdi. Prezident göstərdi ki, informasiya necə yürüdülməlidir və Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyasına necə effektiv şəkildə cavab verilməlidir”.
Rövşən Məmmədov əlavə edib ki, bu gün həmin siyasət jurnalistlər tərəfindən davam etdirilir: “Təxminən 1 il əvvəl Hikmət Hacıyevin rəhbərliyi altında Azərbaycanın media kapitanları Türkiyəyə səfər etdi və çox qısa zaman sonra bu addımın real nəticələri oldu. Məsələn, bu gün “Azərbaycn Televiziyası” “Haber Global” və TRT ilə sıx əməkdaşlıq edir. Demək olar ki, bütün siyasi verilişlərdə biz telekörpülər yaradırıq. Türkiyəli həmkarlarımız Azərbaycana gəlir və media məkanımızın inkişafında iştirak edirlər. İnanıram ki, “Eastweststream.com” mediaplatforması da qısa zamanda öz effektiv nəticəsini verəcək. Çünki burada sükan arxasında peşəkarlar dayanıb. Ümid edirəm ki, Azərbaycanın həqiqətləri, Qarabağ həqiqətləri və bu gün Azərbaycan Prezidentinin yürütdüyü uğurlu siyasət bu platformada geniş işıqlandırılacaq. Bu, eyni zamanda media sahəsində təcrübə mübadilə deməkdir”.