Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Qurban bayramı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
AzerTimes xəbər verir ki, müraciətdə deyilir:
“Qarşıdan gələn Qurban bayramı münasibəti ilə xalqımızı təbrik edir, bildiririk ki, 4 gün ardıcıl qeyri-iş gününün elan edilməsi şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.
Mütəmadi olaraq DYP qurumları tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də yol hərəkəti qaydalarına biganə qalan, adi diqqətsizliyin, tələskənliyin böyük faciələrə səbəb ola biləcəyini nəzərə almayan vətəndaşlarımıza rast gəlinir.
Son günlərdə baş verən ağır yol qəzalarının təhlili onu deməyə əsas verir ki, yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yollarda sürət həddinə riayət etməmələri, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmaları, manevretmə qaydalarını kobud şəkildə pozmaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçməmələri və ən çox da yuxulu yaxud yorğun halda avtomobil idarə etmələridir.
Qeyd etməliyik ki, insan tələfatı ilə nəticələnən ağır qəzaların baş verməsində piyadaların da təqsiri az deyil, xüsusilə də günün qaranlıq vaxtlarında. Əfsuslar olsun ki, piyadaların gecə saatlarında yolu necə gəldi keçmələri, yaxınlaşan nəqliyyat vasitəsi sürücüsünün onu görüb-görməməsinin fərqinə belə varmadan yolun hərəkət hissəsinə çıxaraq hərəkət etmələri bir çox hallarda onların özlərinin həyatı bahasına başa gəlir.
Vətəndaşların mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün, Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, eləcə də soyuducu sistemi olmayan avtomobillərlə günün nisbətən sərin vaxtlarında yola çıxmağı tövsiyə edir”.