DYP avtomobillərdə pərdədən istifadə ilə bağlı sürücülərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi
(BDYPİ) avtomobillərdə pərdə, plyonka, jalüzlərdən istifadə ilə
bağlı məlumat yayıb.

BDYPİ-dənAzerTimes-a verilən məlumatda deyilir:

“Avtomobillərin arxa yan şüşələrində örtüklərdən istifadə ilə
bağlı son günlər əhali arasında aparılan müzakirələrin
aktuallığını, xüsusilə internet mediada çaşdırıcı məlumatların
yayılmasını nəzərə alaraq, bəzi tövsiyələri ictimaiyyətin diqqətinə
çatdırmağı zəruri hesab edirik.

Əvvəla qeyd etmək lazımdır ki, ölkəmizdə tətbiq olunan
standartın tələbinə əsasən, minik avtomobillərində sürücü üçün
görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti küləyə qarşı
şüşələr üçün 75 %-dən, küləyə qarşı olmayan digər yan şüşələr üçün
isə 70 %-dən aşağı olmamalıdır.

Lakin, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq
hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat
vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan
jalüzlərin istifadəsinə icazə verilir. Hazırda qüvvədə olan
qanunvericiliyə görə minik avtomobillərinin yalnız arxa şüşələrinə
örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan
jalüz asmağa yol verilir, küləyə qarşı qabaq və küləyə qarşı
olmayan digər şüşələrə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi
isə qadağandır. Odur ki, qeydiyyat hərəkətlərinin aparılması, eləcə
də texniki baxış zamanı nəqliyyat vasitələrinin texniki
vəziyyətinin və avadanlıqlarının yuxarıda qeyd edilən normalara və
təhlükəsizlik qaydalarına uyğunluğu təmin olmalıdır”.

Teqlər: