Düşmənlə məxfi əməkdaşlıq edən şəxs ifşa edilmişdir – DTX

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına
yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının
kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilməsi və qarşısının
alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən
kompleks əks-kəşfiyyat tədbirləri davam etdirilir.

Trend Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytına istinadən
xəbər verir ki, başlanılmış cinayət işi üzrə Azərbaycan
Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Məmmədov Emil
Ramiz oğlu dövlətə xəyanət etməkdə şübhəli bilinmişdir.

Aparılmış araşdırmalarla Emil Məmmədovun Azərbaycan
Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət
təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə
keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin
tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə maddi
maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət
orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi,
Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə
oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması,
verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi,
Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin
gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı
qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Emil Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq
məhkəmənin qərarına əsasən həbs edilmişdir.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: