Teleqram təsisçisi Pavel Durovun ətrafında baş verən hadisələr çox geniş bir prosesin tərkib hissəsi ola bilər. Biz faktiki olaraq bunun real səbəbini bilmirik. Ola bilsin ki, Teleqramın məxfilik siyasətini pozmaq, insanların şəxsi məlumatları və digər yazışmalarına giriş əldə etmək istəyiblər. Və yaxud da kiminsə məxfi məlumatlarının silinməsinə çalışırlar.
Bu sözləri AzerTimes-a politoloq Turab Rzayev Teleqramın təsisçisi Pavel Durovun həbsinin səbəbləri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, Durov insidenti daha çox Rusiyaya qarşı planın bir hissəsi kimi görünür:
“Bu, Rusiyaya qarşı müharibənin tərkib hissəsidir: birincisi, Rusiyanı əlində olan geniş informasiya silahından mərhum etməyə çalışırlar, ikinci, Rusiyaya sanksiyalar tətbiq edilib və Durova qarşı başladılan istintaqı sanksiyanın tərkib hissəsi kimi də görmək olar”.
Politoloq Durovun Bakı səfərindən sonra tutulmasının da təsadüf olmaya biləcəyinə diqqət çəkib:
“Pavel Durovun Bakı səfərindən sonra tutulması da təsadüf olmaya bilər. Ola bilsin ki, rəsmi Paris Bakıda kimlərinsə Teleqramın rəhbəri ilə görüşüb-görüşmədiyini öyrənmək istəyir. Ondan Azərbaycanla bağlı hər hansı, maraqlı məlumat əldə etməyin mümkün olduğunu düşünürlər. Yaxud da Durovun Makronla bağlı Bakıya məlumat ötürülməsindən şübhələnə bilərlər. Ümumiyyətlə, Fransa və vətəndaşı (Durov həm də Fransa vətəndaşıdır – red.) arasında olan problemin Azərbaycanla hər hansı əlaqəsi olmamalıdır. Pavel Durov özü 2020-ci ildə Rusiyada işləmək imkanın olmadığını səbəb gətirərək, BƏƏ vətəndaşlığını almışdı və Dubayda yaşayırdı. 3 il sonra Fransaya köçdü. İndi Paris hansısa səbəbdən öz vətəndaşını həbs edir, Teleqramın təhlükəsizlik kodlarını istəyir. Rusiya da onun haqlarını qorumaq üçün səy göstərir. Bunun bizimlə aşkar bir əlaqəsi yoxdur”.