Xəbər - Humay Ağacanova -Trend:
Dünyaya bizim gənclərimizin texnologiya sahəsində ən yaxşılarını edə biləcəyini göstərmək istəyirik.
Bunu AzerTimes-ın suallarını cavablandırarkən Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar deyib.
O qeyd edib ki, Teknofestə Azərbaycanda gözləntilərimiz böyükdür. Texnologiya sahəsində hər iki ölkənin uğurlar əldə edəcəyinə inanırıq.
“Dünyaya bizim gənclərimizin texnologiya sahəsində ən yaxşılarını edə biləcəyini göstərmək istəyirik. Texnologiya inkişafı çox mühim məsələdir. Yaşadığımız dünyada müstəqil və rifah içində yaşamaq üçün texnologiyanın inkişafına ehtiyacımız var. Teknofest-in bir ünsürü də gənclərimizə bu reallığı göstərə bilməkdir. Məqsədimiz Teknofesti Azərbaycan kimi digər Türk dövlətlərində də keçirməkdir. -deyə o əlavə edib.
Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli,Az, Azernews, Eastweststream, Today.az və Turkic.World “Teknofest 2022” aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.