Dünyaşöhrətli yazıçı V.Hüqoya görə “sülh sivilizasiyanın fəziləti, müharibə isə onun cinayətidir – Tamam Cəfərova

Cənubi Qafqazın son 30 il tarixinə diqqət yetirmək kifayətdir
ki, Qafqazda kimin fəzilətli, kimin isə cinayətkar dövlət olması
aydın olsun. Azərbaycan daima bütün mübahisə və münaqişələrin dinc
yolla həll edilməsinin tərəfdarı olub. Hətta II Qarabağ
müharibəsinə Azərbaycan əks-hücum əməliyyatı kimi başlayıb. II
Qarabağ müharibəsindən Azərbaycan qalib ölkə kimi çıxsa da, məğlub
tərəfə dərhal sülh və əməkdaşlıq təklif etmişdir. Lakin Ermənistan
Azərbaycanın sülh təkliflərini ardıcıl olaraq rədd edirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 aprel
tarixində ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və
əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda
post-münaqişə dövrünün bir sıra mühüm məsələlərinə, həmçinin
Ermənistan ilə gələcək münasibətlər və Cənubi Qafqazda sülh və
əməkdaşlıq perspektivləri haqqında məsələlərə diqqət çəkib, olduqca
vacib tezisləri ictimaiyyətin diqqətinə çatdırıb.

Bu fikirləri AzerTimes-a millət vəkili Tamam Cəfərova bildirib.

Millət vəkili bildirib ki, hal-hazırda Ermənistan və Azərbaycan
arasında sülh və əməkdaşlıq münasibətləri üçün real zəmin
formalaşıb. Uzun illər Ermənistana havadarlıq edən qüvvələrin
başları qlobal rəqabətə qarışdığına görə öz proksi dövlətlərinə nə
silah, nə də dollar-avro formasında yardım edə bilmirlər. Belə
şəraitdə daima böyük qüvvələrə sığınan, Azərbaycanla üz-üzə
gəlməkdən çəkinən Ermənistan, mövcud məsələləri vasitəçilərsiz
müzakirə etməyə məcbur qalır. Beynəlxalq konfransda prezident
Ermənistan hökümətinin Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi
qəbul etdiyini bildirdi. Bu prinsiplər tərəflər arasında
imzalanacaq sülh müqaviləsinin təməlini təşkil edir. Qafqazda
uzunmüddətli və dayanıqlı sülhün birinci baza şərti məhz bu sülh
müqaviləsidir. Lakin sülhün uzunmüddətli və dayanıqlı olmasına
digər amillər də yardımçı olmalıdır.

Belə amillərdən biri sərhədlərin delimitasiya və
demarkasiyasıdır. Ermənistan təklif edilmiş prinsiplərə əsaslanaraq
Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi
qrupunun yaradılmasına razılıq verib. Konfransda Azərbaycan
prezidentinə sərhədlərin delimitasiya prosesində baza kimi hansı
xəritələrin götürüldüyünə dair sual verilmişdir. Ölkəmizin başçısı
cavabında bildirmişdir ki, Azərbaycan “1918-ci ildən və hətta ondan
əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının
dağıldığı dövrə qədərki” mövcud bütün xəritələri araşdırıb, onu
birgə işçi qrupunun danışıqlar tərkibinə qatacaqdır. “Qeyd edək ki,
adı çəkilən dövrlərdə Ermənistan və Azərbaycana arasında sərhəd
fərqli xəttlər üzrə keçirdi. 1918-ci ilin xəritəsi var ki, İrəvan o
zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının
xəritəsi var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi idi.
Bununla yanaşı, bu gün İran-Ermənistan sərhədi boyu olan ərazilərdə
o zaman azərbaycanlılar yaşayırdı və o torpaqların erməni xalqına
heç bir aidiyyəti yox idi. 1920-ci ilin noyabrında sovet
hakimiyyəti Zəngəzuru Ermənistana vermək qərarı qəbul etdi. Lakin
bu ərazi Ermənistana veriləndə o bugünkü sahəyə – 42 kilometrlik
sahəyə malik deyildi, ərazi daha ensiz idi”.

Fikirlərinin davamı olaraq millət vəkili vurğulayıb ki, bu tezis
ölkə başçısının bir neçə gün qabaq Şuşada Dünya Azərbaycanlılarının
V Qurultayında verdiyi siyasi mesajlarla səsləşir. Dünya
Azərbaycanlılarının V Qurultayında cənab Prezident bildirmişdir ki,
Azərbaycanın təklif etdiyi sülh müqaviləsi “Ermənistan üçün yeganə
çıxış yolu və bəlkə də son şansdır”. Prezidentə görə əgər
Ermənistan bundan imtina etsə, Azərbaycan da Ermənistanın ərazi
bütövlüyünü tanımayacaqdır. Sərhədlərin delimitasiya və demarkasiya
məsələsinə gəldikdə isə Azərbaycan prezidenti Ermənistana
xəbərdarlıq edir ki, əgər Ermənistan bu məsələdə yenə mifik “böyük
Ermənistan” xülyalarından və ya hüquqazidd digər mövqelərdən çıxış
etsə, onda Azərbaycan da iki ölkə arasından keçən sərhədin 1918 və
1920-ci illərə uyğun keçirilməsində israr edə bilər.

“Qeyd edilən müddətlərdə İrəvan və Zəngəzurun Azərbaycanın
tərkibində olmasını nəzərə alsaq, bunu Ermənistana həm xəbərdarlıq,
həm də mövcud riskləri nəzərə alaraq rasional və konstruktiv
siyasətə dəvət kimi təfsir etmək olar”. Tamam Cəfərova belə
deyib.
Cənubi Qafqazda sülh və əməkdaşlığın digər faktoru iqtisadi
münasibətlərin bərpa olunmasıdır. Ölkə başçısı bu istiqamətdə
Azərbaycanın Gürcüstanla münasibətlərini nümunə çəkir. İki ölkə
arasında enerji, nəqliyyat, investisiya və s. sahələr üzrə sıx
inteqrasiya qarşılıqlı etimad və siyasi birliyin əsasını təşkil
edir. Bu strateji tərəfdaşlığın nəticəsi kimi 44 günlük müharibə
zamanı Gürcüstan Rusiyadan Ermənistana gedən silah daşımalarının
qarşısını almaq üçün öz quru sərhədini və hava məkanını bağlamışdı.
Prezident analoji xahiş məktublarının Qazaxıstan, Türkmənistan və
İrana göndərildiyini bildirsə də, Gürcüstandan fərqli olaraq bu
ölkələrin ərazisindən Ermənistana silahların daşındığını bildirdi.
Azərbaycan müdrik dövlətdir, cənub və Xəzər dənizi üzrə
qonşularının müharibə zamanı Ermənistana silah daşınmasına imkan
verdiyinə ağıllı cavab vermişdir. Bütün tərəflərə bu addımın
mehriban qonşuluq siyasətinə uyğun olmadığını çatdıran Azərbaycan,
bununla belə həmin ölkələrlə münasibətlərin korlanmasına yönələn
addımlar atmadı. Əksinə hər üç ölkə ilə münasibətləri yeni
mərhələyə çıxarıb, bütün tərəflərin yararlanmasını özündə ehtiva
edən faydalı əməkdaşlıq platforması təklif etdi.

Türkmənistanla Dostluq yatağının birgə istismar edilməsi üzrə
memorandum, Türkmənistan qazının İran ərazisi boyunca Azərbaycana
nəql edilməsi, İranla yeni nəqliyyat dəhlizi memorandumunun
imzalanması, Qazaxıstan ilə Türk Dövlətləri Təşkilatı səviyyəsində
qarşılıqlı əməkdaşlıq Azərbaycanın bu ölkələrlə mövcud
mübahisələrini dinc yolla həll etməyə imkan verib, bütün tərəfləri
iqtisadi fayda əlaqələri ilə bir-birinə bağladı. Ermənistan II
Qarabağ müharibəsindən sonra Azərbaycanın İran ilə mübahisələri
üzərində spekulyasiya etməyə cəhd göstərsə də, İranla yeni
nəqliyyat dəhlizinin açılması İrəvanı diplomatik məğlubiyyətə düçar
etdi. Vurğulayaq ki, yeni dəhlizin açılması xəbəri Ermənistan
xarici işlər nazirinə Türkiyədə Antalya diplomatik forumunda
iştirak etdiyi zaman, baş nazirə isə Framsada səfərdə olduğu vaxt
çatmışdır. Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqı üzrə
müttəfiqi olan Qazaxıstana çox ümid etsə də, Bakının düşünülmüş
addımları bu istiqamətdə də bütün spekulyasiyaları sıfra
endirdi.

Sülh və əməkdaşlığın digər vacib şərti beynəlxalq güclərin
tərəflərə ədalətli və bərabər yanaşmasıdır. Müharibədən sonra
Avropa İttifaqı Ermənistana 2,6 milyard avro yardım ayırmışdı.
Azərbaycana ilk vaxtlar bundan xeyli az yardım ayrılsa da, sonradan
Avropa İttifaqı öz səhvini düzəldib, Azərbaycana da 2 milyard avro
yardım paketi ayırmışdı. Yardımın qeyri-bərabər ayrılmasını
Ermənistan öz gündəliyinin Avropa İttifaqı tərəfindən dəstəklənməsi
kimi şərh edirdi və Azərbaycanla sülh müqaviləsini imzalamaqdan,
sərhədləri delimitasiya-demarkasiya etməkdən, iqtisadi əlaqələri
bərpa etməkdən imtina edirdi. Amma Brüsselin buraxdığı səhvini
düzəltməsi Ermənistanda Bürsselə bağladıqları ümidləri də yox etdi.
“Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini ehtimallar üzərində
deyil, praqmatizm, qarşılıqlı fayda və maraqlar üzərində qurur. Aİ
öz sərhədlərində sabitlik olmasını istəyir, Azərbaycanın enerji
potensialına, nəqliyyat-kommunikasiya infrastrukturuna böyük maraq
göstərir. Aİ yeni reallıqları tam olaraq qəbul edir. Azərbaycan Aİ
ilə yaxın münasibətlərin qurulmasını istəyir, qarşısına üzvlük kimi
qeyri-real hədəflər qoymur, müasir texnologiyalara, Avropanın
enerji bazarına daha geniş çıxış istəyir. Bu, Avropanın enerji
strategiyası ilə tamamilə uzlaşır. Azərbaycan Aİ-nin Cənubi Qafqaz
region ölkələrinə eyni bucaq altından yanaşmasının tərəfdarıdır”.
Prezident İlham Əliyev konfransda bu fikirləri səsləndirib.

Millət vəkilinin fikincə, hal-hazırda bütün adı çəkilən
faktorlar Azərbaycanın xeyrinə işləyir. Bu isə Ermənistanın daha
sığınacağı, ümid etdiyi bir yerin olmadığı anlamına gəlir.
Ermənistan ya müstəqil və rasional dövlət davranışı nümayiş
etdirib, Azərbaycanla münasibətləri normallaşdırmalı, ya da
Azərbaycan prezidentinin hələ müharibə zamanı dediyini kimi öz
bayrağını aşağı endirib, digər dövlətin tərkibinə muxtar respublika
kimi daxil olmalıdır.

Teqlər: