Zaman beynəlxalq layihələrindir və buna görə İkinci Qarabağ müharibəsi zamanı böyük güclər Rusiyanı neytral saxlaya bildilər və nə qədər Rusiya gizli şəkildə Ermənistanı silahlandırsa da, burada məğlub oldu.
AzerTimes xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev qeyd edib.
O bildirib ki, son günlər meydana İran çıxıb:
“Əslində İran əsrin müqaviləsi imzalanan gündən regiondan çıxarılmışdı. Amma bununla barışa bilmirdi. Buna görə də Ermənistanın açıq dəstəkçisi olmuşdu. Bəhanə isə bir dənə idi: “Azərbaycan İsraillə dostdur”. Halbuki İranın İsrail bəhanəsinin kökündə hələ ötən əsrin 50-ci illərində hazırlanmış dünyanın yeni xəritəsi və Şərqlə Qərbi birləşdirəcək böyük yolun üstündə o dövlətin olmayacağıdır. Böyük İpək Yolu layihəsində İran adlı indiki dövlət yoxdur. Xəritələrdə bugünkü İranın üç yerə bölünmüş və üç dövlətə məxsus əraziləri var: Cənubi Azərbaycan, Kürdüstan və şah İranı. Buna görə də İran son cəhdlərini edir”.
Alimin sözlərinə görə, bu gün artıq Qarabağda və sərhəddə Azərbaycan konkret olaraq Ermənistan adı altında İranın hücumuna məruz qalıb:
“Raketlər, dronlar və silahlar… Tehran Zəngəzur dəhlizinin açılmaması üçün Şeytana belə ibadət edər. Amma bu dəhlizin yaranmasına göz yuma bilməz. İran özü bizə qarşı silahlı addım ata bilməyəcəyin bilir. Çünki bir güllə ordan atılsa, Türkiyə-İsrail-Britaniya-Amerika çox qısa zamanda Tehranı yerlə yeksan edəcək. İran bu günə qədər tarixində qorxduğu yeganə coğrafiya azərbaycanlılar olan torpaqlardır və bu gün də müstəqil Azərbaycan dövləti var. Nə İsrail, nə Amerika, nə də Türkiyə İran üçün qorxuludur. Qorxduğu yalnız Azərbaycandır.
Ona görə də bugünkü üç şəhidimizin və yaralılarımızın olması İranın ayağına yazılmalıdır. İran hakimiyyəti elə bilir ağıllıdır. Amma unudur ki, orda hazırlanan istənilən plan 1 saat sonra Azərbaycanda masa üstündə olur. Ona görə Ermənistan əli ilə bizə müharibə etdiyini də bilirik”.
Alim qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və Tehran evinin içində bunun cavabını alacaq.