Dünyanın gözü Bakıda: Bu, həm də Qərbə mesajdır

Dünyanın gözü Bakıda: Bu, həm də Qərbə mesajdır

Son dövrlər Mərkəzi Asiyanın əhəmiyyəti artmaqdadır. Dünyada baş verən geopolitik qarşıdurmalar bu bölgənin önəmini xüsusilə gücləndirir. Təsadüfi deyil ki, AB və ABŞ Mərkəzi Asiya ilə 5+1 görüşləri keçirdirlər.

Bu sözləri AzerTimes-a politoloq Turab Rzayev Bakıda SPECA-nın (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) Zirvə Toplantısının keçirlməsinin siyasi əhəmiyyəti haqqında danışarkən vurğulayıb.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri bir neçə cəhbənin diqqətində olduğu üçün dünyanın gözü Bakıda keçirilən toplantıya dikildi:

“Qərb ölkələri ilə yanaşı, Çin də bunda maraqlıdır və onlar da Mərkəzi Asiya ölkələri ilə 5+1 formatında görüşlər keçirir. Rusiyanın Ukrayna müharibəsinə başının qarışmasından istifadə edən kənar aktorlar bu bölgədə güclənmək həvəsindədir. SPECA layihəsi də eyni zamanda Mərkəzi Asiyaya BMT-nin diqqətinin ifadəsidir. Odur ki, bu sammitin Bakıda keçirilməsi bizim üçün çox əhəmiyyətlidir”.

Politoloq bildirib ki, hazırda Bakı Qərblə Mərkəzi Asiya arasında əlaqə vasitəsidir:

“Azərbaycan Mərkəzi Asiyaya Qərbdən açılan pəncərədir. Nəzərə alaq ki, Azərbaycan bu bölgənin ölkələri ilə tarixi, dini, etnik və mədəni əlaqələri var. Həmçinin, Sovet İttifaqı zamanından qurulmuş çox güclü siyasi-iqtisadi münasibətlər mövcuddur. Bakı həm Qərb, həm də Mərkəzi Asiya ölkələri ilə normal münasibətlər saxlayır. Bakıya Mərkəzi Asiyanın bütün dövlət rəhbərləri gəlir, bu da Azərbaycana regional əməkdaşlıq üçün şans yaradır. Həmçinin, Qərbdən Azərbaycana yönəlmiş təzyiqlər və fərqli ittihamlar vaxtı Bakıda belə bir sammitin keçirilməsi, Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin gəlişi və İlham Əliyevlə səmimi ortamda görüşlər keçirməsi ciddi siyasi əhəmiyyətə malikdir”.

Teqlər: