Azərbaycan Dillər Universitetinin Ağsaqqallar Şurasının, Nəsimi Rayon Ağsaqqallar Şurasının və YAP Nəsimi rayon təşkilatının iştirakı ilə COP29-la bağlı “İqlim dəyişikliyi müasir dövrün ən qlobal problemidir” mövzusunda tədbir keçirilib.
AzerTimes xəbər verir ki, tədbirdə Azərbaycan Dillər Universitetinin Ağsaqqallar Şurasının sədri Ələddin Əliyev, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski və başqaları çıxış ediblər.
Akademik Kamal Abdulla tədbirdə çıxışı zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub:
“Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən mötəbər tədbirlərindən olan COP29-a yekdil qərarla ev sahibi seçilməsi həm də respublikamız üçün mühüm əhəmiyyət kəsb edir. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması, həmçinin, bizim ətraf mühitə münasibətimizdən asılıdır. Yaşıl iqtisadiyyata keçmək üçün yaşıl təfəkkürün formalaşması vacib şərtdir. Təbiəti qorumaq üçün hamılıqla bu amal uğrunda birləşməliyik”.