Xəbər - Çingiz Səfərli – Trend:
Artıq müxtəlif ölkələrdə kənd təsərrüfatı məhsulları arasında yayılan virusun təzahürləri olduğuna görə, digər ölkələr öz sərhədlərini qorumaq üçün profilaktik tədbir olaraq məhdudiyyətlər tətbiq edirlər.
AzerTimes xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Balarəhim Quliyev deyib. O bildirib ki, Rusiya da bununla bağlı məhdudiyyətlərə başlayıb: “Belə ki, Rusiya 2020-ci ildən Ermənistan və Türkiyədən daxil olan pomidora qonur qırışıqlığı viusunun aşkar olunması ilə əlaqədar məhdudiyyət tətbiq edib. Bu ilin əvvəlindən isə Türkmənistan, Özbəkistan və Qazaxıstandan daxil olan pomidorda repina mozaik virusunun aşkar olunması ilə əlaqədar həmin ölkələrin müvafiq vilayətlərindən idxala qadağa qoyulub. Azərbaycana da artıq bununla bağlı müəyyən siqnallar daxil olmaqdadır. İlk dəfə cari ilin aprel ayının 23-də ölkədə fəaliyyət göstərən “Gözəl təbiət” MMC təsərrüfatında becərilən pomidor bitkisində Rusiyada qonur qırışıqlığı virusu aşkar olunub. Bizə bildiriş daxil olan kimi agentliyin mütəxəssisləri tərəfindən monitorinq keçirildi. Məhsullardan götürülən nümunələr həm Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına, həm də Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin Zirayi Mücadilə Mərkəzi Araşdırmalar Laboratoriyasına göndərildi. Lakin aparılan müayinələr zamanı bitkidə virus aşkarlanmadı. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələri may ayında Azərbaycanda səfərdə olarkən, həmin təsərrüfata baxış keçirildi və yenə də nümunələr götürülüb, Rusiyaya göndərildi. Nəticələrə görə virus aşkar olunmadı. Ona görə də həmin təsərrüfata tətbiq olunan məhdudiyyət aradan qaldırıldı”.
Sədr müavini sonrakı mərhələdə Azərbaycanda fəaliyyət göstərən “Can Aqro” və “Geotermal Aqro” MMC-lərin məhsullarında isə repina mozaik, eyni zamanda “Lokal Garden” MMC-nin yük partiyasında isə qonur qırışıqlıq viruslarının aşkar olunması ilə əlaqədar Azərbaycana bildirişlər daxil olduğunu bildirib: “Bununla əlaqədar AQTA yenidən həmin müəssisələrdə monitorinqlər keçirib. Ancaq bu bildirişlər gec daxil olduğuna və hazırda istixanalar öz məhsullarını istehsal edib bitirdiyinə görə, monitorinq zamanı orada məhsula rast gəlmədik. Virusun Azərbaycanda aşkarlanması hələ təsdiq olunmayıb. Bu virusla konkret mübarizə üsulu yoxdur. Əgər təsərrüfat yoluxubsa, onu sağlamlaşdırmağın hər hansı bir metodu yoxdur. Burada yalnız bir yol qalır. Həmin təsərrüfatda bütün bitkilər yandırılaraq basdırılır, təsərrüfat dezinfeksiya olunur və ən azı 2-3 il müddətinə həmin torpaqda heç nə əkilmir. Vurulan ziyanın bu baxımdan iqtisadi zərəri çox böyükdür”.