Dünyada və Azərbaycanda taxıl qiymətləri niyə artıb? – TƏHLİL

Dünyada taxıl qiymətləri rekord həcmdə istehsal gözləntilərinə baxmayaraq, 8 illik maksimuma çatıb. 2021-ci yaz-yay aylarında Şimal yarımkürəsində müşahidə olunan əlverişsiz hava şəraiti məhsuldarlığın azalması ilə bağlı narahatlığa səbəb olub. Dünya taxıl tədarükçüləri arasında lider olan Rusiyada ixrac rüsumlarının tətbiq olunması ilə bağlı məhdud təklif və yüksək qiymətlər, eləcə də nəqliyyat xərclərinin kəskin artımı qiymətlərin yüksək səviyyədə qalmasına yol açır.

Çikaqo əmtəə birjasının məlumatlarına əsasən, yumşaq payızlıq taxılın qiymətləri 2012-ci ildən bəri ilk dəfə bir buşel (0,027 ton) üçün 8 dolları keçərək rekord vurub. Ekspertlər, həmçinin buğdanın bahalaşması ilə əlaqədar dünyada məhsulların qiymətinin artacağını proqnozlaşdırır.

Belə ki, 2021-ci ilin noyabrında Rumıniyada buğda qiyməti 2020-ci ilin noyabrı ilə müqayisədə 33,7 faiz, 2019-cu ilin noyabrı ilə müqayisədə 55,7 faiz artıb.

2021-ci il üçün Türkiyədə buğdanın topdan satış qiyməti 2 450 lirə (196 dollar) səviyyəsində müəyyən edilmişdisə, indi bu rəqəm 3 720 lirə (297 dollar) səviyyəsindədir.

Əsasən, Rusiyadan olan idxal buğdanın qiyməti bir ton üçün 340-350 dollar təşkil edir.

2020-ci ilin sentyabrından 2021-ci ilin sentyabrınadək aparılan statikstik hesablamalar nəticəsində İspaniyada buğda qiymətlərinin artım sürəti müşahidə olunub. Yumşaq buğdanın qiyməti 185 avro/tondan 255 avro/tonadək, sərt buğda 285 avro/tondan 420 avro/tonadək, arpa 155 avro/tondan 230 avro/tonadək, qarğıdalının qiyməti 180 avro/tondan 275 avro/tonadək dəyişir.

Xorvatiyada oktyabr ayında buğda qiymətləri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 52 faiz artaraq bir 0,24 avro təşkil edib.


2022-ci il dünyada post-pandemiya dövrü kimi yadda qalacaq və tələbin artması ilə yanaşı, buğda, qida məhsulları və digər zəruri məhsulların istehsalının azalması fonunda qiymət artımı qaçılmazdır.

İri un və çörək istehsalçıları Azərbaycan qiymətlərdə dəyişikliklərlə bağlı müraciət yayıb.

“Hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb. Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur”, – açıqlamada deyilir.

Qeyd olunur ki, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVİD-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib. Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiya Federasiyasından həyata keçirildiyi üçün Rusiya bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiya Federasiyasında 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiya Federasiyasında ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub. Qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib.

“Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik”, – açıqlamada deyilir.

Dünya bazarında qiymət artımı taxıl və buğda ilə bitmir. Noyabr ayında süd məhsulları oktyabr ayı ilə müqayisədə 3,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz artıb. Bitki yağlarının qiyməti oktyabrda rekord həddə bahalaşsa da, noyabrda cüzi ucuzlaşıb. Noyabr dünya bazarlarında ət məhsullarının qiymətinin oktyabrla müqayisədə 0,9 faiz azalsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz çoxdur.

Teqlər: