Dünyada yeganə olan “Uzunömürlülər muzeyi” Lerikdə 1991-ci ildən fəaliyyət göstərir. Burada uzunömürlü insanlarla bağlı eksponatlar və məlumatlar, şəkillər və digər qiymətli məlumatlar nümayiş etdirilir.
AzerTimes xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev məlumat paylaşıb.
O bildirib ki, Lerik ölkəmizdə ən uzunömürlü insanların yaşadığı azsaylı yerlərdəndir:
“Bu torpağın suyu, havası və insanları elə gözəldir ki, burda yaşayan hər kəsin ömrünün üstünə ömür gəlir. Talış dağlarındakı hündür ərazidə yerləşən gözəl Lerik rayonu dağlar, çaylar və şəlalələrlə əhatə olunub. Elə buna görə də Lerik “Uzunömürlülər diyarı” adlandırılır. Buranın suyu, havası və bitkiləri o qədər canlı və təbiidir ki, insanlar onların müalicəvi əhəmiyyəti olduğuna əmindirlər. Əslində, Lerikin yerli sakinlərinin əksəriyyəti 100 ildən artıq yaşayır”.
Alim xatırladıb ki, dünyanın bir çox yerindən qonaqlar gəlib buranı ziyarət etsə də, Azərbaycanda əksəriyyətin belə bir muzey haqda məlumatı yoxdur.