Dünya şöhrətli fotoqrafdan Oxçuçayın çirkləndirilməsi ilə bağlı paylaşım: Ekoloji fəlakət müşahidə olunur

Xəbər - Orxan Nəbiyev – Trend:

Dünya şöhrətli fotoqraf Reza Deqati Ermənistanın Oxçuçayı çirkləndirməsi nəticəsində yaranan ekoloji fəlakət barədə paylaşım edib.

Trend-in məlumatına görə, “Ekoloji cinayət, Qarabağ, Azərbaycan” başlıqlı paylaşım edən fotoqraf çayın çirkləndirilməsi və onun fəsadları ilə bağlı məlumat verib.

Paylaşımda deyilir: “Oxçuçay Ermənistandan başlayaraq, Azərbaycan ərazisindən keçir və Xəzər dənizinə tökülməzdən əvvəl İran və Azərbaycan arasındakı təbii sərhəd olan Araz çayına birləşir. Ermənistan tərəfində iki böyük mədən zavodu mövcuddur: Qacaran-Zəngəzur mis-molibden və Qafan dəmir filizi emalı fabriki. İstehsal zamanı ağır metallarla çirklənmiş su Oxçuçaya tökülür. Almaniyanın “Croniment” mədən şirkəti Ermənistanın Zəngəzur mis-molibden zavodunun 60% səhmlərinə sahibdir. Onların internet səhifələrində “Metallar bizim ehtirasımızdır” deyilir. Çaydakı nikelin miqdarı normadan 7 dəfə, dəmir 4 dəfə, mis-molibden isə 2 dəfə yüksəkdir. Mart ayında çaydakı forel və digər balıqların kütləvi məhv olmaları müşahidə olundu. Belə görünür ki, çay erməni istehsalçıları tərəfindən sənaye tullantılarının ölkə ərazisindən Azərbaycana göndərilməsi məqsədilə kollektor kimi istifadə olunur . Ermənistan hələ də Beynəlxalq Su Konvensiyasına qoşulmayıb və beynəlxalq öhdəliklər götürməyib. Xəzər dənizinə tökülməzdən əvvəl həm Azərbaycanı, həm də İranı çirkləndirən səssiz bir ekoloji fəlakət müşahidə olunur”.

Teqlər: