Dünya peyvəndlərə bərabərhüquqlu əlçatanlığı təmin edə bilmir – ÜST-nin rəhbəri

Bəşəriyyət koronavirusa qarşı peyəndlərə bərabərhüquqlu əlçatanlığı təmin edilməsində uğursuzluğa uğrayır: dünyada vurulan 832 milyon vaksin dozasının 82 faizi yüksək və orta gəlirli ölkələrin, 0,2 faizi isə az gəlirli ölkələrin üzərinə düşüb.

AzerTimes-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor bildirib: “Vaksin məsələsində bərabərlik – dövrümüzün çağırışıdır. Biz bu məsələdə uğursuzluğa uğrayırıq. COVAX mexanizmi vasitəsi ilə vaksin almağı gözləyən bəzi ölkələr heç nə almayıblar. Bir sıra ölkə isə onlara ayrılan vaksin kvotasının ikinci hissəsini vaxtında ala bilmir, bu da bu ölkələrin vaksinasiyanın ikinci mərhələsi ilə bağlı planlarını təhlükə altına alır”.


Onun sözlərinə görə, bu günə qədər COVAX vasitəsi ilə 100 milyondan çox doza vaksinin çatdırılması nəzərdə tutulsada, yalnız 40 milyon doza vaksin çatdırılıb. Bununla əlaqədar ÜST-nin baş direktoru öz əhaliləri üçün həddindən artıq miqdarda vaksin ayırmış ölkələri “dərhal vaksinlərin bir hissəsini COVAX-a bağışlamağa” çağırıb.