Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə ərazilərimizi xarabalığa çevirməklə yanaşı təbiətə, təbii abidələrə, ekologiyaya qarşı da terror törədib.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, ermənilər həmin ərazilərdə flora və faunanı məhv etməklə ekologiyaya ciddi ziyan vurub və ekoloji balansı pozub.
A.Həsənova qeyd edib ki, Ermənistan işğal müddətində ərazilərimizin təbii sərvətlərini talan edib: “Bununla yanaşı mənfur düşmən bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədərək torpaqları yararsız hala salıb, meşə sahələrini məhv edib, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurub”.
Deputat bildirib ki, Ermənistanın törətdiyi ekoloji terrorlardan biri də su anbarlarının, çayların çirkləndirilməsidir:
“Ermənistan bu sahədə ekoloji terroru bu gün də davam etdirir və təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici irkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakı dair çoxsaylı faktlar mövcuddur.
Zəngilan rayonu ərazisindən keçən Oxuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsində Ermənistanın dağ-mədən şirkətləri ilə yanaşı Almaniyanın CRONIMET Holding GmbH şirkəti də yaxından iştirak edib.
Lakin təəssüflər olsun ki, Almaniya tərəfi bu məsələyə qeyri-adekvat münasibət sərgiləyib. Belə ki, Azərbaycan mediasının Almaniya səfirliyinə müraciətinə səfirin cavabı təəccüb doğurub və səfirlik öz cavabında məsələni ört-basdır etmək və diqqəti şirkətin üzərindən yayındırmağa çalışıb. Bu ölkənin Yaşıllar partiyası isə ümumiyyətlə müraciətə saymazyana cavab verərək Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını bildirib. Əsas fəaliyyət istiqaməti təbiəti, ekologiyanı qorumaq olan bu partiyanın bu cür ekoloji terrora etinasız münasibət göstərməsi ikili standartlardan və qərəzdən başqa bir şey deyil.
Artıq Azərbaycan tərəfi məsələ ilə bağlı bir sıra beynəlxalq təşkilatlara müraciət edib. Beynəlxalq təşkilatlar bu məsələdə ədalətli mövqe nümayiş etdirməli və Ermənistana bu ekoloji terroru dayandırmaq üçün təzyiq göstərməlidir. Əks halda Ermənistanın bu əməli bütün regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmaqda davam edəcək və böyük fəsadlara yol açacaq”.