Xəbər - Humay Ağacanova – Trend:
Kənd təsərrüfatı sistemi hazırda optimal deyil. Dünya əhalisinin böyük qismi aclıqla üz-üzədir.
AzerTimes-ın məlumatına görə, bunu VIII Qlobal Bakı Forumunda “Qida və Qida Təhlükəsizliyinin Təşviqi” mövzusunda paneldə çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş elmi işçisi İsmahane Elouafi deyib.
Onun sözlərinə görə, pandemiya aclığın artmasını sürətləndirdi: “Digər tərəfdən, bizim şansımız da var, çünki texnologiya inkişaf edir, biz texologiyanın imkanlarından istifadə edərək problemin qarşısını ala bilərik. Həmçinin, biz həyat tərzimizi, ərzaq istehsalı qaydalarını dəyişməliyik. Qeyd etməliyəm ki, iqlim dəyişikliyi, ərzaq təhlüksizliyi, biomüxtəliflik eyni xətdədir, onların gündəliyi eynidir. Ərzaq sisteminin diversifikasiyası bizə həll yolu göstərəcək və ən əsası, aclığın və qida çatışmazlığının qarşısını almağa kömək edəcək. Təbiəti imitasiya edərək bütün bu problemlərin qarşısını ala bilərik”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.