Dünya birliyi Ermənistanı azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana verməyə məcbur etməlidir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Dünya birliyi Ermənistanı azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana verməyə məcbur etməlidir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, ötən il 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etdi. Artıq işğaldan azad olunan torpaqlarda bərpa-quruculuq işləri gedir. Lakin bu məqamda da Ermənistanın işğalçılıq, cinayətkarlıq xislətindən irəli gələn problemlərlə üzləşirik. Bunlardan biri də minalanmış ərazilər məsələsidir. Azərbaycanın apardığı uğurlu diplomatiya sayəsində həmin ərazilərin bir hissəsinin xəritələri təhvil verilib: “Məlum olduğu kimi, iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri təqdim etməsindən üç həftə sonra Füzuli və Zəngilan rayonlarındakı minalanmış ərazilərin xəritələrini də Azərbaycan tərəfinə təhvil verdi. Birmənalı şəkildə bildirmək yerinə düşər ki, Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Bu eyni zamanda, Ermənistanın necə böyük miqyaslı müharibə cinayətləri törətdiyinin növbəti sübutudur”.

Vüqar İskəndərov bildirib ki, lakin bu son deyil: “Çünki Ermənistan 30 il ərzində işğal altında saxladığı bütün ərazilərimizi minalayıb. Cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı bəyan etdiyi kimi minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Bu, eyni zamanda Ermənistanın cinayətkar əməli ucbatındandan hələ də vətəndaşlarımızın həlak olması deməkdir. Xatırlatmaq yerinə düşər ki, ötən il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Digər tərəfdən belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir”.

Deputatın sözlərinə görə. Bu gün Ermənistan digər ərazilərin mina xəritələrini verməkdən boyun qaçırır: “Belə olan halda isə əsas məsuliyyət Ermənistanla yanaşı, beynəlxalq ictimaiyyətin üzərinə düşür. Yəni, beynəlxalq ictimaiyyət vaxt itirmədən Ermənistanı təzyiq göstərməlidir. Dünya birliyi Ermənistanı azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana verməyə məcbur etməlidir”.

Teqlər: