Xəbər - Samir Əli – Trend:
Son zamanlar dünya bazarında mineral gübrənin qiymətinin artması Azərbaycana da təsirsiz ötüşməyib.
AzerTimes-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, hələ ki, daxili bazarda gübrənin qiymətinin artım tempi dünya bazarındakı artıma adekvat deyil.
“Bunun bir neçə səbəbi var. “Aqroservis”ASC-nin ötən ildən qalan qiymətlərlə ehtiyatları var. Onlar daxili bazara təklifi əvvəlki qiymətlərlə edirdilər. Digər səbəb isə Karbomit zavodunda olan istehsalımız qiymətlərin artımının qarşısını almağa imkan verir. Bu səbəblər daxili bazarda bu mövsümdə gübrənin qiymətinin kəskin artmamasına səbəb oldu. Cüzi artımlar müşahidə edilsə də, bu, elə də çox deyildi. Növbəti mövsümdə dünya bazarında gübrələrin qiymətləri yenidən artarsa, daxili bazarda da kəskin sıçrayışları müşahidə edəcəyik. Lakin gübrələrin qiymətinin azalması ehtimalı da var.
Dünya bazarında bəzi gübrələrin qiyməti sabit qalsa da, elə gübrələr var ki, onların qiymətləri 2-3 dəfə artıb. Əsasən, xammal bazası təbi qaza bağlı olan gübrələrin qiymətlərində kəskin sıçrayışlar var”, – deyə direktor bildirib.