İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AzerTimes-a bildirilib ki, nazir Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verdiyini, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir. Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusi önəm kəsb edir.
Mikayıl Cabbarov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, koronavirus (COVİD-19) pandemiyasından sonra iqtisadiyyatın bərpası barədə fikirlərini bölüşüb.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin yüksək qiymətləndirildiyini qeyd edib.
Görüşdə Dünya Bankı ilə tərəfdaşlığın genişləndirilməsi, potensial əməkdaşlıq sahələri və digər məsələlər barədə müzakirələr aparılıb.