Dünya Bankı yaxın 10 il ərzində iqlim maliyyələşdirilməsinə 150 milyard ABŞ dolları resurs ayırmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bunu Dünya Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Yurgen Voegele (Juergen Voegele) COP29 çərçivəsində keçirilən “Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” adlı tədbirdə deyib.
O bildirib ki, inkişaf etməkdə olan ölkələrin karbon emissiyalarını azaltmaq və gələcək risklərə hazır olmaq üçün 2030-cu ilə qədər ildə 2,4 trilyon ABŞ dollara ehtiyacı olacaq:
“Ölkələr, insanlar, iqtisadiyyatlar, şirkətlər çətin günlər yaşayır. Ona görə də hərəkətə keçməliyik. Bu, Dünya Bankını adından mənim mesajım ola bilər. Keçən il biz inkişaf etməkdə olan ölkələrə 43 milyard ABŞ dolları maliyyə ayırdıq. Bu, iqlimin maliyyələşdirilməsi baxımından digər fondlarla müqayisədə inkişaf etməkdə olan ölkələr üçün ən böyük dəstəklərdən biridir”.
Vitse-prezident qeyd edib ki, Dünya Bankı iqlimə davamlı borc müddəaları kimi yeni alətlər təqdim edib:
“Ölkələr, xüsusən də kiçik ada dövlətləri fəlakətlərlə üzləşdikdə həqiqətən köməyə ehtiyac duyurlar. Hazırda 14 ölkə ilə müqavilələrimiz var. Bu ölkələr fəlakətlə üzləşdikdə borc ödəmələrini təxirə sala və ya azalda biləcəklər. Bu, çox böyük kömək edir”.