Dünya Azərbaycanlılarının V Qurultayının nümayəndələrinin Prezident İlham Əliyevə müraciəti – TAM MƏTN

Aprelin 23-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının
V Qurultayının nümayəndələrinin Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.

Trend xəbər verir ki, müraciət mətnində deyilir:

“Zati-aliləri!

Dünya Azərbaycanlılarının V Qurultayının təşkilində
göstərdiyiniz yüksək diqqət və dəstəyə görə Sizə bütün qurultay
iştirakçıları adından dərin minnətdarlığımızı bildiririk. Tədbirin
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsinin xüsusi
əhəmiyyəti və rəmzi mənası vardır. Biz bu tarixi hadisənin
iştirakçısı olmaqdan şərəf duyuruq.

Vətən müharibəsindəki möhtəşəm Qələbə Azərbaycanın tarixinə
qızıl hərflərlə yazılaraq, hər bir azərbaycanlının yaddaşında
silinməz izlər buraxmış milli birlik, rəşadət və qəhrəmanlıq
salnaməsidir. İftixar hissi ilə bəyan edirik ki, məhz Sizin müdrik
rəhbərliyiniz və qətiyyətli siyasətiniz nəticəsində Azərbaycan
dövləti və xalqı bu sınaqdan alnıaçıq, üzüağ çıxmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi,
torpaqlarımızın Ermənistan tərəfindən 30 il boyunca davam etmiş
işğalına son qoyulması Sizin apardığınız uğurlu daxili və xarici
siyasətin, müasir və güclü ordu quruculuğu istiqamətində gördüyünüz
misilsiz işlərin bəhrəsidir. Məhz Sizin rəhbərliyinizlə Azərbaycan
Ordusu erməni millətçilərinin 200 illik “dənizdən-dənizə böyük
Ermənistan” xülyasını və Ermənistan ordusunun məğlubedilməzliyi
mifini darmadağın edərək bu neofaşizm təzahürünə ağır zərbə vurdu.
Vətənimiz və xalqımız qarşısında müstəsna xidmətlərinizi dünya
azərbaycanlıları hər gün dərin minnətdarlıq duyğuları ilə
anırlar.

Möhtərəm cənab Prezident!

Dünya azərbaycanlılarının son qurultayından ötən dövr ərzində
diaspor quruculuğu sahəsində mühüm işlər görülmüş, ciddi uğurlar
əldə edilmişdir. Sizin tapşırıq və tövsiyələrinizə uyğun şəkildə
diaspor təşkilatlarının fəaliyyətində keyfiyyət dəyişikliyinə nail
olunmuş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyət
həyatına inteqrasiyası və onların ictimai-siyasi fəallığının
artırılması sahəsində mühüm layihələr həyata keçirilmişdir.
Azərbaycana dost münasibəti bəsləyən xalqların müxtəlif ölkələrdəki
milli icmaları və diaspor təşkilatları ilə əlaqələr
dərinləşdirilmişdir.

Xaricdə yaşayan azərbaycanlılara və diaspor təşkilatlarına
dəstəyinizə görə Sizə minnətdarıq. Dünya azərbaycanlıları Sizin
inamlı və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycanın müstəqil
dövlət kimi dünya siyasi səhnəsində öz yerini daha da
möhkəmləndirməsindən və qlobal proseslərin fəal iştirakçısına
çevrilməsindən qürur duyur. İnanırıq ki, Sizin rəhbərliyinizlə
xalqımız qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə
gələcək, işğaldan azad olunmuş ərazilərimizi qısa zamanda bərpa
edəcək, yenidən abadlaşdıracaq və gözəlləşdirəcəkdir.

Sizi əmin edirik ki, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və
tanıdılması, dövlətimizin maraqlarının təmin olunması və
mənafelərinin müdafiəsi naminə dünya azərbaycanlılarının daha
mütəşəkkil qaydada təşkilatlanmaları üçün bundan sonra da bütün
imkan və bacarığımızı səfərbər edəcəyik.

Bir daha bəyan edirik ki, dünya azərbaycanlıları Zati-alinizin
Azərbaycanın tərəqqisinə, milli birliyimizin və həmrəyliyimizin
möhkəmləndirilməsinə yönəlmiş siyasətini yekdilliklə
dəstəkləyirlər.

Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə xalqımızı hədsiz
qürurlandıran siyasətinizin Azərbaycanı bundan sonra da davamlı
inkişaf yolu ilə daha firavan gələcəyə aparacağına əminik.

Bu müqəddəs yolda Sizə yeni-yeni uğurlar arzulayırıq”.

Teqlər: