Bu gün Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V
Qurultayı işini davam etdirib.
Diaspora İşləri üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən
məlumata görə, ilk olaraq Prezident Administrasiyasının Humanitar
siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin
müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
ilə təltif olunmuş diaspor nümayəndələrinə fəxri adları, orden və
medalları təqdim edib. Fərəh Əliyeva çıxışında diaspor
nümayəndələrini əziz, doğma Şuşada görməkdən şad olduğunu
bildirib.
Daha sonra Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada
yüksək səviyyədə təşkil olunmasına göstərdiyi dəstəyə görə
Diasporla İş üzrə Dövlət Komitəsinin adından dövlət qurumlarına
təşəkkür bildirilib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə xüsusi
nümayəndəsi Aydın Kərimov Qarabağın bərpasına Azərbaycan
diasporunun ciddi töhfələr verə biləcəyini qeyd edib.
Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri
Məftun Abbasov növbəti Qurultayın da yenilənmiş və bərpa edilmiş
Şuşada keçirilməsini təklif edib.
Daha sonra bir qrup diaspor fəalına “Diaspor fəaliyyətində
xidmətə görə” medalı təqdim edilib.
Müzakirələr nəticəsində Qurultayın yekun sənədləri – qurultayın
qətnaməsi, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin
dünya azərbaycanlılarına müraciəti, Dünya Azərbaycanlılarının V
Qurultayının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO)
və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) müraciəti, Dünya
Azərbaycanlılarının V Qurultayının Azərbaycanın Ermənistanın
işğalından azad olunmuş ərazilərində yaratdığı mina problemi ilə
bağlı beynəlxalq ictimaiyyətə müraciəti yekdilliklə qəbul
edilib.
Tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni
tərkibi təsdiq olunub. Prezident İlham Əliyev Qurultay
iştirakçıları tərəfindən Şuranın sədri, Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Fuad Muradov Şuranın icraçı katibi seçilib.
Yekun sözü ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında diasporun
gələcək fəaliyyəti ilə bağlı səmərəli müzakirələrin aparıldığını
söyləyib və qurultay iştirakçılarına təşəkkürünü bildirib. Bununla
da Dünya Azərbaycanlılarının V Qurultayı başa çatıb.