Azərbaycan Televiziyasında yayımlanan Türkiyə istehsalı
“Diriliş. Ərtoğrul” serialı artıq yekunlaşmaq üzrədir.
Azərbaycan dilində yayımlanan serial AzTV-nin reytinqində ilk
pillədədir. Əvvəllər yalnız həftəiçi hər gün yayımlansa da,
tamaşaçıların çoxsaylı xahişləri nəzərə alınaraq 6 gün efirə
verilməyə başladı. Serialın Azərbaycan türkcəsində yayımlanması ilk
gündən böyük tamaşaçı diqqəti görüb.
Bu diqqəti nəzərə alaraq serialın baş qəhrəmanı olan Ərtoğrul
obrazını dublyaj edən Əməkdar artist Cəlal Məmmədovla həmsöhbət
olduq.
C.Məmmədov deyir ki, bəzən 8 saat bir bölümün dublyajı ilə
məşğul olub:
“Çünki Ərtoğrul hər səhnədə, hər bölümdə müxtəlif vəziyyətlərə
düşürdü, bu da onun reaksiyalarını dəyişirdi. Gah sərt olurdu, gah
mülayim… Bunu tamaşaçıya çatdırmaq lazım idi. Söhbət aktyor
oyunundan getmir, tarixi şəxsiyyəti dublyaj etməkdən gedir. Seriala
baxa-baxa xarakteri tutmaq özümə də ləzzət edirdi.
Türk dünyasının böyük sərkərdəsini səsləndirmək mənim üçün böyük
qürur oldu. Təxminən 8 saat dublyajla məşğul olurdum. Ən çox sözü
olan obraz məndə idi”.
C.Məmmədov uğurlu dublyajın reytinqə ciddi təsir etdiyini
düşünür:
“Bəzən qınayanlar olur ki, niyə türk dilini dublyaj etmisiniz.
Əslində isə bu, əski türk dilində idi, bəzi sözlər ümumiyyətlə
anlaşılmırdı. Sözün mənasını axtarırdıq, dilimizə uyğunlaşdırırdıq.
Serialın reytinqdə birinci olmasında uğurlu dublyaj 90 faiz rol
oynayır. Mən də əlimdən gələni etdim ki, Ərtoğrulun xarakterini
səsimlə çatdıra bilim.
Kastinqdə məni seçdiyinə görə AzTV rəhbərliyinə və əməyi keçən
hər kəsə təşəkkür edirəm”.
Əməkdar artist bəzi səhnələrdə həqiqətən ağladığını deyib: “Mənə
ən çox təsir edən səhnə ömür-gün yoldaşını itirməsi, onun dəfn
olunması oldu. Seriala baxıb kövrəlməmək mümkün deyil. Bəzi
səhnələrdə Ərtoğrul ağlayanda onu dublyaj edə-edə mən də
ağlayırdım. Bu da filmin dublyajına xüsusi gözəllik verir”.
https://www.youtube.com/watch?v=hn2ZRhpm0kE&feature=youtu.be