Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində VIII Dünya
Hökumətlər Sammiti keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sammitdə
ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev,
ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan
Məmmədov və b. ibarət Azərbaycan nümayəndə heyəti təmsil edir.
Tədbirdə dünya ölkələrinin yüksək vəzifəli məmurları, dövlət və
hökumət başçıları, diplomatik korpuslar və beynəlxalq təşkilatların
nümayəndələri, tanımış ictimai-siyasi xadimlər, alimlər və
ekspertlər, iş adamları iştirak edir.
Sammit 8 mövzunu (tərəqqiyə və hökumətlərin inkişafına təkan
verən siyasətlər; səhiyyə sistemlərinin gələcəyinin
layihələndirilməsi; müsbət nəticələr üçün dayanıqlı fəaliyyətin
təmin edilməsi; qlobal iqtisadiyyatın bərpa prosesinin
sürətləndirilməsi; gələcəyin şəhərlərinin qurulması; cəmiyyətin
sabitliyinin gücləndirilməsi; təhsil və əmək bazarının gələcəyi
üçün imkanların yaradılması; yeni imkanların araşdırılması) əhatə
edir.
Bu mövzularda sessiya və seminarların keçirilməsi, müzakirələrin
və təcrübə mübadilələrinin aparılması nəzərdə tutulub.