Martın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların
yatırılması” mövzusunda 11-ci İllik İnvestisiya Tolantısı (Annual
İvestment Meeting – AİM) öz işinə başlayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AzerTimes-a verilən məlumata görə, İllik
İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə digər
ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunur. Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) təşkilatçılığı ilə stendimizdə Azərbaycan iqtisadiyyatına,
ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə dair
məlumatlar yerləşdirilib. Ölkə stendimizdə həmçinin, 44 günlük
Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan
ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları barədə
məlumat verilir.
Bu gün Azərbaycan Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri
Muxtar Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sədri Ülvi Mehdiyev, Rusiya Federasiyası Tatarıstan
Respublikasının prezidenti Rustam Minnixanov Azərbaycan stendində
olublar.
Azərbaycan stendi martın 31-dək ziyarətçilərə açıq
olacaqdır.
Qeyd edək ki, 2011-ci ildən etibarən hər il keçirilən və
dünyanın müxtəlif ölkələrindən rəsmi şəxsləri, iş adamlarını,
investorları bir araya gətirən İllik İnvestisiya Toplantısı
sahibkarlığın inkişafı üçün investisiya imkanlarının, sərmayələrin
təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə
olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması
baxımından əlverişli platformadır. Tədbir çərçivəsində bir sıra
istiqamətlər, o cümlədən mikro və kiçik sahibkarların
dəstəklənməsi, onların iqtisadiyyatlarda rolunun artırılması
sahəsində də müzakirələr aparılır.