Martın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların
yatırılması” mövzusunda 11-ci İllik İnvestisiya Konfransı (Annual
İvestment Meeting – AİM) öz işinə başlayacaq. Ənənəvi olaraq hər il
keçirilən tədbir çərçivəsində konfrans, dövlət rəsmiləri, eləcə də
iş adamları arasında ikitərəfli görüşlər, sərgi və digər tədbirlər
təşkil olunur.
İllik İnvestisiya Konfransı çərçivəsində martın 28-də “Dubay
Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda kiçik və orta biznes
(KOB) üzrə Forum keçirilib. Azərbaycan Respublikasının Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və
“NEQSOL Holdinq”in dəstəyi ilə keçirilmiş “Azərbaycan-BƏƏ KOB
Forumu: biznesləri birləşdirən, ölkələri birləşdirən” adlı tədbirin
məqsədi KOB-lar üçün imkanlar haqqında müzakirələr aparmaq,
KOB-ların şəbəkələşməsi və fikir mübadiləsi aparması üçün birgə
platformanın təmin edilməsidir.
Tədbirdə çıxış edən Azərbaycan Respublkasının əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda həyata keçirilən
sosial islahatlar, özünüməşğulluq proqramı, DOST mərkəzlərinin
fəaliyyəti, sosial ödənişlərin elektron təyinatı mexanizmləri
barədə məlumat verib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi–ticarət
əlaqələri, enerji və BƏƏ-nin müvafiq qurumları ilə KOB sahəsində
əməkdaşlıq, Agentlik tərəfindən yerli və xarici iş adamlarına
göstərilən dəstək barədə danışıb.
Dubay Ticarət və Sənaye Palatasının Xarici əlaqələr idarəsinin
rəhbəri Omar Xan çıxışında Azərbaycan və BƏƏ arasında KOB sahəsində
əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb, bu
istiqamətdə palatanın birgə təşəbbüsləri dəstəkləməyə hazır
olduğunu qeyd edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) rəhbəri Yusif Abdullayev, “AzerTelecom” MMC-nin İdarə
Heyətinin sədri Stuart Evers, eləcə də biznes assosiasiyaların
nümayəndələri və müxtəlif ölkələrdən olan iş adamları çıxışlarında
birgə biznes təşəbbüslərinə, rəqəmsallaşmanın iqtisadi inkişafda
roluna dair fikirlərini bölüşüblər.
Sonra tədbir iştirakçıları “Dubay Expo 2020” sərgisinin
Azərbaycan pavilyonunda olublar.
Həmin gün həmçinin, KOBİA-nın təşkilatçılığı ilə “Post-pandemiya
dövründə KOB-lara dəstək mexanizmləri: dövlət-özəl dialoqunun
effektivliyi” mövzusunda seminar keçirilib.