Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən
Azərbaycan diasporunun üzvləri ilə görüş keçirilib.
“Dubay Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda
baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad
Muradov “Şuşa ili” və ənənəvi Novruz bayramı münasibətilə tədbir
iştirakçılarını, eləcə də dünya azərbaycanlılarını təbrik edib.
Komitə sədri bildirib ki, xalqımız Prezident İlham Əliyevin
Sərəncamı ilə elan olunmuş “Şuşa ili”ni təntənəli şəkildə qeyd
edir: “Sərginin ən yaxşı pavilyonu sayılan Azərbaycan pavilyonunun
yüksək səviyyədə təşkil olunması və pavilyonda ziyarətçilərin çox
olması bizi sevindirir. Vətənimizin qədim tarixini, zəngin
mədəniyyətini və incəsənətini burada beynəlxaq ictimaiyyətə bir
daha təqdim edə bilirik. Azərbaycanlı uşaqların sərgidə olması da
sevindirici haldır, onlar Dubayın mərkəzində sanki böyük
Azərbaycanın bir parçasını seyr edir və bundan qürur hissi
keçirirlər. Həmin uşaqların bəziləri BƏƏ-də dünyaya gəlib, lakin
buradakı diasporumuzun geniş və hərtərəfli fəaliyyəti, ailələrin
milli adət-ənənələrlə yaşaması onları qırılmaz tellərlə tarixi
vətənlərinə bağlayır, Azərbaycana böyük məhəbbət hissi aşılayır.
Uşaqların bizi doğma dilimizdə qarşılaması və salamlaması bunun ən
bariz nümunəsidir. Bir millətin ana dili və mədəniyyəti yaşayırsa,
həmin millət hər zaman yüksək mövqelər qazanacaq, kökünə,
dəyərlərinə bağlı qalacaq”.
Daha sonra son illər soydaşlarımızla təşkil olunan görüşlər
nəsticəsində Dubayda və BƏƏ-də yaşayan azərbaycanlıların sarsılmaz
birliyinə nail olunması, bayram və anım günlərimizin, xüsusilə
Zəfər bayramının burada təntənə ilə qeyd olunması, BƏƏ-də yaşayan
soydaşlarımızın 5 min şəhid və qazi ailəsinə dəstək göstəməsi
diqqətə çatdırılıb.
Tədbirdə Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya
Şurasının BƏƏ-dəki əlaqələndiriciləri çıxış edərək, Azərbaycan
pavilyonunun zənginliyini və tədbirin əhəmiyyətini nəzərə
çatdırıblar.
Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə
“Qarabağ” muğam qrupunun ifasında təqdim olunan “Qarabağ sədası”
adlı konsert proqramı tədbir iştirakçılarının zövqünü oxşayıb və
onlara xoş əhval-ruhiyyə bəxş edib.