Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları vətəndaşın Kapital Bankdakı hesabından pul çıxaran şəxsə qarşı əməliyyat keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.
Belə ki, cari il may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək “Kapital Bank”dakı hesabından 207 manat pulunun yoxa çıxdığını bildirib.
Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.