DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq
terrorçuluqla mübarizə istiqamətində həyata keçirilən kompleks
əməliyyat-istintaq tədbirləri çərçivəsində daha əvvəl silahlı
terror təşkilatının Türkiyə Respublikası ərazisində fəaliyyət
göstərən birliklərinə üzv olma şübhəsi ilə Türkiyə ərazisində saxta
pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq
həbs edilmiş, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilmiş
1977-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Osmanov
Akif Aydın oğlunun dini düşmənçilik zəminində ölkə hüdudlarından
kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə
iştirakına əsaslı şübhələr müəyyən olunmuşdur.

Başlanılmış cinayət işi üzrə aparılmış araşdırmalar nəticəsində
Akif Osmanovun Suriya Ərəb Respublikasının Atma şəhərində xüsusi
hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı
maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və
dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı
qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə
birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq
qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər
ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən
yayına bilməsi məqsədilə Özbəkistan Respublikası vətəndaşının adına
saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif
ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilmişdir.

Akif Osmanov şübhəli şəxs qismində tutularaq Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı
birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında
və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə,
partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla
təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş,
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Teqlər: