2022-ci il 15 mart tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin
(DTX) Hərbi-tibb baş idarəsinin hərbi hospitalında “SARS-CoV-2
(COVİD-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusunda
beynəlxalq elmi konfrans keçirilmişdir.
AzerTimes-ın DTX-nin saytına
istinadən məlumatına görə, DTX-nin Hərbi-tibb baş idarəsinin və
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkil
etdiyi tədbirdə qeyd olunan tibb müəssisələrinin, həmçinin
Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin, İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin (TƏBİB), Azərbaycan Tibb Universitetinin əməkdaşları,
həmçinin Ümumdünya Səhiyyə Təşkilatının və Türkiyənin “Florence
Nightingale” Xəstəxanalar Qrupunun nümayəndələri iştirak
etmişlər.
Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından
keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
olunduqdan və Dövlət Himni səsləndirildikdən sonra 120 nəfər
müvafiq ixtisaslı həkimin əyani, 350-dən çox həkimin isə onlayn
formatda qatıldığı konfransı giriş sözü ilə açan DTX-nin Hərbi-tibb
baş idarəsinin rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev
iştirakçıları salamlayaraq konfransın əhəmiyyətindən danışmış,
ölkəmizdə səhiyyənin hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu
vurğulayaraq bu önəmli sahədə həyata keçirilən məqsədyönlü
islahatlardan və genişmiqyaslı tədbirlərdən, koronavirus
infeksiyasının yayılmasının vaxtında qarşısının alınması
istiqamətində atılan qabaqlayıcı addımlardan ətraflı bəhs
etmişdir.
Sonra çıxış üçün söz Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət
İdarəsinin rəisi tibb xidməti general-mayoru Ceyhun Məmmədova
təqdim olunmuşdur. O da öz növbəsində belə mövzuda tədbirin
keçirilməsinin vacibliyinə toxunaraq respublikamızda COVID-19-la
mübarizə işinin səmərəli təşkili, infeksiyanın laborator
diaqnostikasının düzgün və vaxtında aparılması üçün respublikamızda
lazımi imkanların mövcudluğundan danışmış, konfransın təcrübə və
fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli bir platforma olduğunu
bildirmişdir.
Tədbirdə iştirak edən Səhiyyə nazirinin müavini Nadir Zeynalov,
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və
TƏBİB-in Strateji İnkişaf departamentinin rəhbəri Yaqut Qarayeva
çıxış edərək 2 il bundan öncə başlanan və indiyədək davam edən
koronavirusla mübarizədə fədakar həkimlərimizin qazandığı
təcrübədən və səhiyyə sisteminin qısa zaman kəsiyində pandemiyanın
yaratdığı tələblərə uyğun formalaşdırılmasından danışmış, ölkəmizin
bu sınaqdan da alnıaçıq və üzüağ çıxdığını xüsusi olaraq qeyd
etməklə əhalinin vaksinasiyasının uğurla həyata keçirildiyini,
səhiyyə sahəsinin mövcud maddi-texniki bazasının gündən-günə daha
da təkmilləşdirildiyini diqqətə çatdırmışlar.
Daha sonra tədbir “COVİD-19” pandemiyasının və onun yeni növ
ştamlarının ölkələrin epidemioloji durumunda köklü dəyişikliklərə
səbəb olması, insan orqanizminə təsiri və doğurduğu fəsadlar, bu
infeksiyanın laborator diaqnostikası, xəstəlik müddətində edilən
müayinələrin təhlili, müvafiq istiqamətdə Türkiyə təcrübəsinin
öyrənilməsi və mövzu ilə əlaqəli digər mühüm məsələlər ətrafında
iştirakçıların çıxışları və panel müzakirələrlə davam etmişdir.
Tədbirin yekununda iştirakçılar konfransın önəmli töhfələr
verəcəyinə əminlik ifadə etmiş, belə tədbirlərin mütəmadi
keçirilməsinin zəruriliyini vurğulamışlar.